“Alman Parlament Cəmiyyəti“ndə Xocalı simpoziumu Dünya

“Alman Parlament Cəmiyyəti“ndə Xocalı simpoziumu

Xələf Xələfov: "Aİ regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir"

Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi və "Alman-Azərbaycan Forumu"nun birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə Berlində, "Alman Parlament Cəmiyyəti"ndə "Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri" adlı simpozium keçirilib.
Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, AFR hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrindən ibarət 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbir giriş nitqləri ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov 22 il əvvəl Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin təfərrüatları haqqında danışıb. Səfir daha sonra Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın Avropa İttifaqı və AFR-lə tərəfdaşlığının daim dərinləşdiyi barədə ətraflı məlumat verib, Ermənistan-Azərbaycan münaqişəsinin regionda sülhə böyük təhlükə olmaqla yanaşı, regionun inkişafı və Avropa İttifaqı ilə münasibətləri üçün maneələr yaratdığını vurğulayıb. P.Şahbazov Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri və Xocalı soyqırımının ağrılarına baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə və ədalətli həllinə çalışdığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ münaqişəsində status kvonun qəbul edilməz olduğunu və bunun dəyişilməsi üçün beynəlxalq səylərin artırılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı özünün etibarlı tərəfdaşı olan Azərbaycanın yerləşdiyi regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir. Nazir müavini qeyd edib ki, işğala son qoyulması regional inkişaf və inteqrasiya proseslərinə təkan verərdi.
"Alman-Azərbaycan Forumu"nun sədr müavini, AFR Bundestaqının keçmiş deputatı Helqa Daub Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəticəsində Azərbaycan torpaqlarının 20 %-nin işğal altında qalması və bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasını, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyi, Xocalı faciəsinin Azərbaycan və Ermənistan münasibətlərində dərin iz buraxdığını diqqətə çatdırıb.
Xocalı hadisələrini insanlığın faciəsi adlandıran AFR İqtisadi Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kristian Şmit Almaniyanın Cənubi Qafqaz ölkələri ilə inkişafa yardım əməkdaşlığında münaqişələrin nizamlanması üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına diqqət verdiyini vurğulayıb.
Tədbirin ikinci hissəsində isveçrəli jurnalist Andre Vidmerin "Unudulmuş münaqişə. Dağlıq Qarabağ müharibəsindən 20 il sonra" başlıqlı kitabının təqdimatı keçirilib. Alman publisist Rixard Kislerin aparıcılığı ilə keçən təqdimat mərasimində müəllif A.Vidmer Ermənistan təcavüzünün yaratdığı fəsadlar, işğal altındakı torpaqlardakı vəziyyət və azərbaycanlı əhalinin qaçqın və məcburi köçkün həyatı haqqında təəssüratlarını bölüşüb və münaqişə zonasından çəkdiyi şəkilləri nümayiş etdirib.