Gürcüstan hökumətində böhran Dünya

Gürcüstan hökumətində böhran

Nazirlər bir-birinin ardınca istefaya göndərilir

Cavid

Gürcüstan hökumətində istafalar davam edir. Artıq iki gün ərzində bir neçə nazir tutduğu postlardan istefa verib. Dünən isə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya tutduğu vəzifədən azad edilib. Bu barədə xüsusi brifinqdə ölkənin baş naziri İrakli Qaribaşvili bəyan edib.
Qeyd edək ki, qərar verilməzdən əvvəl müdafiə naziri İrakli Alasaniya bəyanatla çıxış edərək Müdafiə Nazirliyinə qarşı məqsədli hücumun həyata keçirildiyini qeyd edib. İrakli Alasaniya qeyd edib ki, onun rəhbəri olduğu qurum Gürcüstanı NATO və Avropa İttifaqı ilə birləşdirən yeganə amil olub. O, prokurorluğun addımlarını Gürcüstanın Avroatlantik seçiminə qarşı həmlə adlandırıb.
Mindiya Canelidze Gürcüstanın yeni müdafiə naziri təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və Böhranların İdarəetməsi Şurasının katibi vəzifəsində çalışıb.
Qeyd edək ki, İ.Alasaniyanın istefaya göndərilməsinə səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə izah edilir. Bildirilir ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları 28 oktyabrda saxlanılıb. Onlar 4,1 milyon lari (təxminən 2 milyon 350 min dollar) dövlət vəsaitinin bədxərcliyində ittiham olunur. Saxlanılanlar arasında Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin keçmiş rəhbəri Qizo Qlonti, Baş Qərargahın rabitə və informasiya texnologiyaları üzrə departamentinin müdiri Nuqzar Kaişauri, Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin idarə rəisi Georqi Lobjanidze, dövlət satınalmaları departamentinin əsas mütəxəssisi Arçil Alavidze və Baş Qərargahın rabitə və informasiya texnologiyaları departamentinin idarə başçısı David Sipuriyanın adı çəkilir. İstintaqın məlumatına görə, saxlanılan şəxslər tenderin saxtalaşdırması yolu ilə "Silknet" şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər. Əməliyyatın keçirilməsi vaxtı müdafiə nazirinin özü xarici səfərdə olub.
Bundan başqa, noyabrın 4-də prokurorluq 2013-cü ildə hərbçilərin kütləvi zəhərlənməsi ilə bağlı Gürcüstan Müdafiə Nazirliyinin daha bir qrup yüksək çinli əməkdaşına səhlənkarlıq ittihamı irəli sürüb. Prokurorluqdan həmçinin bildirilib ki, Müdafiə Nazirliyinin daha bir qrup əməkdaşının tikinti tenderi ilə bağlı yol verdiyi nöqsanlara dair istintaq aparılır.
Gürcüstan müdafiə naziri İrakli Alasaniyanın baş nazir tərəfindən istefaya göndərilməsindən sonra daha bir nazir istefa verib. Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu Avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilidir.
"Diktatura yaxındır, demokratiya təhlükədədir, mən gedirəm", - deyə A.Petriaşvili "Maestro" telekanalının birbaşa efirində deyib. Petriaşvilinin sözlərinə görə, o, bu gün rəsmən istefasını elan edəcək.
Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze isə müdafiə naziri İ.Alasaniyanın istefaya göndərilməsindən sonra onun komandasında olan bütün hökumət üzvlərinin istefasının istisna edilimədiyini bildirmişdi.
Əlavə edək ki, istefaya göndərilən İ.Alasaniya "Bizim Gürcüstanımız – Azad demokratlardır" Partiyasına rəhbərlik edir. Alasaniyanın partiyasını təmsil edən nazirlər isə xarici işlər naziri Maya Pancikidze, ədliyyə naziri Teya Sulukiani və avrointeqrasiya üzrə dövlət naziri A.Petriaşvilidir.
Qeyd etdiyimiz kimi, İrakli Alasaniya siyasi bəyanat verərək hökuməti Müdafiə Nazirliyinə edilən məqsədyönlü hücumdan çəkindirməyə çağırıb. O, "Gürcü arzusu" koalisiyasını Siyasi Şuranın toplaşmağa və Baş Prokurorluğun ölkəni hara apardığı məsələsini müzakirə etməyə çağırıb. O, bu hücumu Gürcüstanın Avroatlantik məkana inteqrasiya olunmasına qarşı olduğunu bildirib. Məlumata görə, bu məsələdə dövlət naziri Aleksi Petriaşvili də İrakli Alasaniyanı dəstəkləyib.
Petriaşvili bildirib ki, Müdafiə Nazirliyinə hücum ölkənin ən irəlidə gedən idarəsinə hücum etmək deməkdir. Onun sözlərinə görə, bu, məqsədyönlü hücumu həyata keçirən prokurorluqdur: "Biz bunu Siyasi Şurada aydınlaşdırmalıyıq. Bu gün prokurorluğun bəyanatından sonra aydın olub ki, ölkənin uğurlu idarəsinə birbaşa hücum cəhdi edilib. Bu idarə Gürcüstan və NATO arasında birbaşa əlaqə yaradan idarədir. Müdafiə Nazirliyinin uğurlarından, onun islahatlarından və şəffaflığından Gürcüstanın tərəfdaş ölkələrinin yüksək vəzifəli şəxsləri çox sözlər deyirlər və bu zaman anlaşılmaz və əsassız ittihamlar irəli sürüldüyünü görürük. Bütün bunlara aydınlıq gətirmək lazımdır. Siyasi Şura bunun üçündür. Biz siyasi tərəfdaşları eşitmək və qiymətləndirmək istəyirk".
Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının liderlərindən olan Qiqa Bokeria hökumətdəki son istefalara münasibət bildirərkən deyib ki, artıq hər şey ortadadır. Bidzina İvanişvili ölkəni dərin böhrana qədər çatdırdı.
Q.Bokeria İvanişvilinin ölkəni dərin böhrana qədər çatdırdığını bildirib: "Artıq formal əlamətlər mövcuddur: iki nazir istefa verib, büdcə yerinə yetirilməyib, Abxaziyanın zəbt edilməsinə heç bir reaksiya yoxdur. Yaxın vaxtlarda ölkəmiz üçün həyati məsələləri həll edən müdafiə nazirinə qarşı hakimiyyətin siyasi təqiblərinin şahidiyik. O, təmsil olunduğu komandasının əsl üzvü idi. Alasaniya bildirib ki, hazırda ölkənin qərb seçiminə təhlükə yaranıb. Amma bu belə deyil, təhlükə çoxdan mövcuddur".
O, qeyd edib ki, Alasaniyanı ittiham etmək fikrindən uzaqdır və hazırda əsas məsələ ölkənin sabah hara gedəcəyidir: "Əsas təhlükə Rusiya oliqarxıdır. Axı, bütün bunlar oliqarxın oynadığı oyunun bir hissəsidir. Buna görə də cəmiyyətin əsas məsələsi bu rejimə nöqtə qoymaqdır. Budur əsas problem, biz çıxış yolu tapmalıyıq".
O da bildirilib ki, Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən müdafiə naziri postundan istefaya göndərilən İrakli Alasaniya keçmiş prezidenti Mixail Saakaşvili qurucusu olduğu "Vahid Milli Hərəkat" Partiyası ilə əməkdaşlığı istisna etmir.
Bu barədə keçmiş nazirin özü "Rustavi-2" telekanalına müsahibəsində deyib.
Hazırda əsas məsələ İ.Alasaniyanın partiyasının "Gürcü arzusu" koalisiyanı tərk edib-etməyəcəyidir. Əgər belə bir qərar qəbul edilərsə, koalisiya parlamentdəki 10 deputat mandatını itirəcək. Bu isə koalisiyaya parlamentdə əksəriyyəti saxlamağa imkan verməyəcək.
Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən istefaya göndərilən müdafiə naziri İrakli Alasaniyanın komandasında olan bütün hökumət üzvlərinin istefası istisna edilimir.
Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Gürcüstanda fəaliyyət göstərən Böyük Birlik Təşkilatının sədri Əsəd Əliyevin fikrincə Gürcüstan hakimiyyətində istefalara əsas səbəb prezidentin siyasəti və ölkədə yaranan iqtisadi böhrandır: "İvanişvilinin hakimiyyəti zamanı ölkədə yaranmış böhran indi də davam edir. Baş nazir İrakli Qaribaşvilinun hökumətində də böhran mövcuddur. Bu böhranın aradan qaldırılması mümkün deyil, ona görə də nazirlər istefaya gedirlər. Düzdür hökumətin hansəsa nazirlikdə qoxlamalar aparmaq ixtiyarı var. Amma bu yoxlamaların istefalarla nəticələnə biləcəyi bir qədər inandırıcı görünmür. Mənə elə gəlir ki, burada Qaribaşvili hökumətində təmsil olunan nazirlər arasında fakir ayrılıqları mövcud olduğundan narazılıqlar yaranıb. Nzirlərin bir qismi ölkənin Avropaya inyeqrasiyasında maraqlıdırlar, bir qismi isə hələ də Rusiyanın yanında olduğu qənzətindədirlər. Bir sözlə ölkədə vəziyyət heç də ürzəkaçan deyil. Hökumətdə yaranmış boşluqlar doldurulacaq amma bu böhrandan çıxış yolları tapılmalıdır. Böhran qalarsa, problemlər həll olunmazsa hökumətdə növbəti istefalar ola bilər".