12 İyul 2021 10:21
3 416
"Təəssüf edirəm ki, İran vaksinasiya məsələsində vaxtında addım atmadı, müdriksizlik nümayiş etdirdi".
Bunu "Xalq Cəbhəsi"nə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ötən günlərdə iranlıların vaksin vurdurmaq üçün Ermənistana üz tutmasına münasibətində bildirib.
Xatırladaq ki, iki gün öncə sosial şəbəkələrdə İran vətəndaşlarının Ermənistana getmək üçün uzun növbələrdə dayandıqlarını əks etdirən görüntülər paylaşılıb
Bütün bunların səbəbi iranlıların COVİD-19-a qarşı vaksin vurdurmaq istəyi olub.
Ə.Süleymaninin fikrincə, Ermənistana üz tutanlar İranın əksəriyyəti deyil, iki, üç min iranlı olar ki, vaksin vurdurmaq üçün növbədə dayanıblar: "On üç saat vaxt lazımdır ki, onlar Ermənistana daxil olsunlar. İranda 85 milyon əhali var, amma hökumətin bərbad siyasəti nəticəsində, sanksiyaların da bura təsirini nəzərə alsaq, vaksinasiya prosesi ürəkaçan deyil. İranda bəzi şirkətlər var ki, vaksinin özləri istehsal edib pul qazanmaq istəyirlər. İranda təxminən 6 milyona yaxın insan peyvənd olunub ki, çox azdır. Bu da hökumətin naşı siyasətinin nəticəsidir. İranda tibbi sahə inkişaf edir, amma vaksinasiya prosesində geriləmə var. Hökumət bir yerə toplaşıb bu məsələ ilə bağlı qərar verə bilmir. Bu da təəssüf doğurur".
Xatırladaq ki, Ermənistanın özü vaksinasiyada heç də ürəkaçıcı yerdə deyil və əhali sayı ilə götürdükdə, bu ölkə yoluxma və ölü statistikası baxımından dünyada ən acınacaqlı yerdədir.
İran isə fevral ayından vaksinasiyaya başlayıb. Bu ölkədə Rusiya, Çin, Britaniya vaksinləri ilə yanaşı, ölkənin özünün istehsal etdiyi “Cov İran Bərəkət” vaksini də 12 iyundan tətbiq edilir.
Cavid