“Aznavur quş buraxanda” Hadisə

“Aznavur quş buraxanda”

Fransanın "La Revue" jurnalı son nömrəsində fransalı yazıçı və naşir Jan-Lui Quronun "Aznavur quş buraxanda" adlı məqaləsini dərc edib. Məqalədə Şarl Aznavurun aprelin 24-də "Le Monde" qəzetində dərc edilən qondarma "erməni soyqırımı"nın "yüzilliyi"nə həsr olunmuş böhtan xarakterli məqaləsinə cavab verilir, müəllif və onun simasında bütün erməni birliyi ifşa olunur və sübut olunur ki, onların dünyaya əxlaq dərsi verməyə mənəvi haqqı yoxdur. Məqalə jurnalist Çingiz Mustafayevin çəkdiyi Xocalı soyqırımı qurbanlarının fotoları ilə başlayır, daha sonra Jan-Lui Quro Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və ermənilərin Xocalıda törətdiyi qırğın barədə bütün həqiqətlərdən bəhs edir. Müəllif qeyd edir ki, ermənilərin Osmanlı imperiyasının süqutu zamanı həlak olan həmyerlilərini yad etmək istəyini başa düşmək olar, bununla yanaşı, ittihamçının kifayət qədər günahkar olduğu bir vaxtda bu anım mərasiminin digər xalqlara qarşı böhtan kampaniyasına çevrilməsi yolverilməzdir. Jan-Lui Quro yazır: "Trubadur Aznavur "1915-ci ildə ermənilərə qarşı təqiblər"in bu gün də Azərbaycan tərəfindən davam etdiyini iddia etməklə daha çox mərhəmət oyandırmaq istəyir. Beləliklə, o, fövqəladə həyasızlıqla cəsarət edib Azərbaycanın Ermənistanı işğalla təhdid etdiyini bildirir. Cənab Aznavur, yalan danışmaq yaxşı şey deyil... Siz çox gözəl bilirsiniz ki, Azərbaycan Ermənistanı hədələmir, Ermənistanın özü işğalçı ölkədir və artıq on illərlə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. İlin əvvəlindən elə bir həftə olmur ki, Azərbaycan-Ermənistan sərhədində 20 yaşlı əsgər həlak olmasın. Bunu deyərkən niyə bu əsgərin çox vaxt Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən güllələnən azərbaycanlı olduğunu dəqiqləşdirmirsiniz?! Niyə dəqiqləşdirmirsiniz ki, bu bölmələr nəinki Dağlıq Qarabağı, eyni zamanda, Azərbaycanın əvvəllər heç vaxt ermənilərin yaşamadığı digər 7 rayonunu işğal altında saxlayır?! Niyə işğal olunan Dağlıq Qarabağ ərazisində ermənilərin törətdiyi etnik təmizləmədən danışmırsınız? Məgər Xocalıda qırğın törədən, dinc əhalini – qadın, uşaq və qocalar da daxil olmaqla 800 azərbaycanlını soyuqqanlı şəkildə öldürən sizin həmvətənləriniz deyilmi?!" Məqalənin sonunda Jan-Lui Quro qeyd edir: "Cənab Aznavur, bu günə kimi Azərbaycanda 40 000-ə yaxın erməninin təhlükəsiz şəraitdə yaşadığı halda, 1988-ci ildə 250 000 azərbaycanlının Ermənistandan qovulmasından sonra orada bir azərbaycanlının belə qalmaması barədə faktı necə izah edirsiniz? Ona görə, vəziyyəti daha da gərginləşdirməməyə və başqalarına böhtan atmamağa çağırıram. Atəşi kəsin!"