FHN əməkdaşları iki intihar cəhdinin qarşısını alıb Hadisə

FHN əməkdaşları iki intihar cəhdinin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları dünən iki intihar cəhdinin qarşısını alıblar. İntihara cəhdin biri Masazır gölündə baş verib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Aynurə Cəfərova özünü intihar məqsədi ilə Masazır gölünə atmaq istəyərkən qəsəbə ərazisində tikintisi dayandırılmış obyektdə xidmət aparan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Fərhad Tağıyev tərəfindən xilas edilib.
Qobustanda isə 42 yaşlı kişi rabitə qurğusuna çıxaraq intihar etmək istəyib. FHN-in Qobustan Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, dünən saat 14:30 radələrində Qobustan şəhər sakini, 1972-ci il təvəllüdlü Əfrayılov Əhməd Qurban oğlu rayonun mərkəzi poçt şöbəsinin yanındakı mobil rabitə şirkətlərindən birinə məxsus və hündürlüyü 58 metr olan qurğuya çıxaraq özünü aşağı atacağını bildirir. Dərhal əraziyə FHN-in xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda onun fikrindən daşındırılması üçün iş aparılır. Məlumata görə, spirtli içki qəbul edərək qurğuya çıxan Əhməd Əfrayılovun intihara cəhd etməsinin səbəbi həyat yoldaşının ondan ayrılmaq istəməsidir. İki uşaq atası olan Əhməd Əfrayılov həyat yoldaşı ilə onun barışdırılmasını istəyib.
Qeyd edək ki, mesxeti türkü olan və Sabirabaddan gələrək Qobustanda məskunlaşan Əfrayıl Əhmədov orada fəhləliklə məşğuldur.