Zərdabi Mətbuat Mərkəzi Masallıda “dəyirmi masa” keçirib Hadisə

Zərdabi Mətbuat Mərkəzi Masallıda “dəyirmi masa” keçirib

Zərdabi Mətbuat Mərkəzi "KredAqro" Bank Olmayan Kredit Təşkilatı ilə birgə "Bank-kredit sektoru-debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində ilk "dəyirmi masa"sını ötən cümə günü Masallı şəhərində keçirib. Bu münasibətlə "KredAqro" BOKT-nin Masallı filialında düzənlənən tədbirdə yerli bank-kredit təşkilatlarının, bölgə qəzetlərinin təmsilçiləri və debitorlar iştirak ediblər.
Masallı rayon icra hakimiyyətinin başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev "dəyirmi masa"nı açaraq bildirib ki, bu, bölgədə belə formatda ilk tədbirdir. O, rayonda 14 bank filialının, 60 qeyri-hökümət təşkilatının, ölkədə əksər tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirlərinin və bir sıra müstəqil mətbu orqanların fəaliyyət göstərdiyini, sahibkarlığın inkişafına diqqət yetirdiyini vurğulayaraq fikir mübadiləsinin hər üç cinah üçün faydalı olacağını söyləyib.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə çıxışında əvvəlcə qurumun "KredAqro" BOKT ilə iki illik əməkdaşlığının davamını şərtləndirən cəhətlərə toxulunub: "2012-ci ildəki əməkdaşlığımız bank-kredit sektorunun zəif işıqlandırılması tendensiyasının aradan qaldırılması məqsədini güdürdü. Buna nail olduq. İlin 9 ayını əhatə edən monitorinqə cəlb olunan 31 KİV-də 4210, yəni 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox material verildi. Qazanılan uğur bizi fəaliyyət dairəsinə bölgə mətbuatının da cəlb olunmasına sövq etdi.
Ötən il Şəki, Quba, Lənkəran və Bərdədə keçirilən "dəyirmi masa"lar rayon mətbuatında da mövzunun işıqlandırılması sahəsində ətaləti aradan qaldırdı. Dekabrın sonlarında Bakıdakı yekun tədbirimizdə ilboyu daha aktivlik göstərən "Həftə içi", "Mövqe" və "Zerkalo" qəzetlər, "APA", "Trend", və "AzərTAc" isə informasiya agentlikləri arasında ilk üç yeri tutduqalarına görə mükafatlandırıldılar. 10 jurnalistə isə həmkarları arasında fərqləndiklərinə görə diplom və pul təqdim olundu".
Rəhim Hüseynzadə həmin tədbirlərdə layihənin 2014-cü ildə debitorları da əhatə etməsi təkliflərinin səslənməsini diqqətə çatdırıb. "KredAqro" BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev iştirakçılara əvvəlcə təmsil etdiyi qurum barədə məlumat verib. O deyib ki, "KredAqro" BOKT Azərbaycanın bank-kredit sektorunun nüfuzlu təmsilçilərindəndir. Təşkilat "Consulting & Business" kimi tanınmış, işgüzar jurnal tərəfindən 2008-2012-ci illərin "Bank olmayan kredit təşkilatı" nominasiyasının qalibi kimi "İlin şirkəti" mükafatına, ötən il isə Fransanın Paris şəhərində "Business İnitiative Directions" (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə "KredAqro" Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti "WQC AWARD" mükafatının "Qızıl" kateqoriyasına layiq görülüb".
O, mediada mövzu ilə bağlı artım tempinin son iki ayda saxlanılmasını layihənin uğuru kimi dəyərləndirib: "Həmin müddətdə qəzetlərdə 844, informasiya agentliklərində isə 950 belə material təqdim edilib. Bu da 2013-cu ilin müvafiq dövrü ilə müqayisədə 242 material çoxdur. Lakin biz istərdik ki, sahə üzrə işıqlandırılan mövzular sırasında debitorların vəsaitlərdən necə yararlanmalarını da görək".
Həsənağa Əliyev (Masallının "Yeni həyat" qəzeti) jurnalist həmkarları adından bildirib ki, fəaliyyət göstərdikləri bölgə mətbuatında bank-kredit sektoru demək olar unudulub. "Bu tədbir heç şübhəsiz dönüş yaranmasına stimul verəcək. Onda debitorları da unutmayacağıq. Bununla belə bu üçlük arasında əlaqələrin tənzimlənməsinə ciddi ehtiyac var".
Əbülfəz Nuriyev Masallı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri kimi bu funksiyanın icrasında tərəflərə yardımçı olacağını deyib.
"KredAqro" BOKT-nin Masallı filialının rəhbəri Fərahim Zalıyev yerlərdə medianın mövzunun aktiv işıqlandırmasının sektorda sağlam rəqabətə yol açdığından, tərəflərin vəzifləri, öhdəlikləri və digər məsələlər barədə yazıların maraarifçilik missiyasında mühüm əhəmiyyət daşıdığından söhbət açıb. Bank-kredit sektorunun yerli filiallarının təmsilçilərindən İlham Məmmədov ("Əmrahbank"), İlham Rəsulov ("Bank Respublika"), Pərviz Əkbərov ("FİNCA Azərbaycan") və başqaları çıxışlarında həmkarlarının fikrini dəstəkləyiblər. Onlar belə tədbirlərin digər qurumlarda da reallaşdırılmasını əhəmiyyətli sayıblar.