Müdafiə nazirinə yeni müavin təyin edilib Hadisə

Müdafiə nazirinə yeni müavin təyin edilib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.
APA-nın xəbərinə görə, Ç. Məmmədov ordudan ehtiyata ötən gün göndərilib. Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.
General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.
Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb. Qeyd edək ki, bu barədə qafqazinfo.az saytı da ilkin məlumat yayıb.
Yeri gəlmişkən, Müdafiə Nazirliyindən yeni kadr təyinatları ilə bağlı açıqlama verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi, general-mayor Heydər Piriyev tutduğu vəzifədən azad edilərək Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına rəis təyin olunub.
Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi, polkovnik Füzuli Salahov isə AAHM-nin rəisi vəzifəsinə təyinat alıb.
V. Dərgahlının sözlərinə görə, Hərbi Polisinin rəisi vəzifəsinin icrası isə polkovnik Azad Ağayevə həvalə olunub.
Qeyd edək ki, MN sistemində kadr dəyişikliklərinin aparıldığı barədə "aznews" xəbər yayıb.