Bələdiyyələrlə bağlı daha bir yenilik Hadisə

Bələdiyyələrlə bağlı daha bir yenilik

Yerli vergi və ödənişlərin nağd şəkildə qəbulu bundan sonra qadağan olunacaq

Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında" və "Büdcə sistemi haqqında" qanunlara dəyişikliklər edilməsi barədə layihələr müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihələr barədə komitə sədri Arif Rəhimzadə məlumat verib.
A. Rəhimzadə bildirib ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna 11.4-cü maddənin əlavə olunması təklif edilir, yəni bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.
Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbulu bundan sonra qadağan olunacaq. "Bu günə kimi yerli vergi və ödənişlər nağd şəklində də ödənə bilirdi. Bu da artıq-əskik söz-söhbətlərə səbəb olurdu. Qanuna təklif olunan mövcud dəyişiklik bu söz-söhbətlərin qarşısını alacaq, bu məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq", - deyə A. Rəhimzadə söyləyib.
"Bələdiyyələrin statusu haqqında" qanun layihəsi barədə məlumat verən A. Rəhimzadənin sözlərinə görə, təklif edilən dəyişikliyə əsasən bundan sonra bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq onların yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış veriləcək.
Daha sonra 3-cü məsələ - "Büdcə sistemi haqqında" qanuna dəyişiklik barədə danışan komitə sədri qeyd edib ki, həmin sənədin 32.2.2-ci maddəsinə yeni məzmunda hissənin əlavə olunması təklif edilir: "Bu günə kimi büdcə barədə çox danışmışıq. Yəni indiyə kimi "Büdcə sistemi haqqında" qanunun müvafiq maddəsində dotasiyalar və subvensiyalarla bağlı normalar yox idi, bu, sadəcə, ümumi sözlərlə əksini tapmışdı. İndi isə 32-ci maddədə dotasiyalar və subvensiyalarla bağlı normalar ayrıca abzasla qeyd olunur ki, bunun özü də çox mütərəqqi addımdır. Bundan sonra daha dəqiq bilinəcək ki, bələdiyyələrə konkret nə qədər dotasiya ayrılıb və onların istifadəsi nə yerdədir".
Müzakirələrdən sonra hər 3 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.