AMEA-nın prezidenti Sankt-Peterburqun universitetində mühazirə oxuyub Hadisə

AMEA-nın prezidenti Sankt-Peterburqun universitetində mühazirə oxuyub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində "Müasir Azərbaycan elmi" mövzusunda mühazirə oxuyub. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunda bildiriblər ki, Rusiyanın şimal paytaxtında Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş "Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi" beynəlxalq forumu keçirilib. İnstitut 1818-ci ildə İmperator Elmlər Akademiyasının Asiya Muzeyi adı altında fəaliyyətə başlayıb və Rusiya və Avrasiya məkanında bütün əsas şərqşünaslıq mərkəzlərinin əsasını qoyub.
Forumda Azərbaycan nümayəndə heyətinə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik edib. Tədbirdə, həmçinin ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirak edib. Forumun işində 20 Asiya və Avropa ölkəsindən 300-dən çox alim, milli elmlər akademiyalarının, Rusiya və xarici ölkələrin aparıcı elm mərkəzlərinin təmsilçiləri iştirak ediblər.
AMEA-nın prezidenti Sankt-Peterburqa səfəri çərçivəsində Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetinin rektoru, professor Aleksandr Zapesotski ilə görüşüb. Görüşdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib. Universitetin tələbələri və professor-müəllim heyəti qarşısında "Müasir Azərbaycan elmi" mövzusunda mühazirə ilə çıxış edən A.Əlizadə Azərbaycan dövlətinin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.