Xəzərin geri çəkilməsi floraya təsir edir Gündəm

Xəzərin geri çəkilməsi floraya təsir edir

“Xəzərin Azərbaycanın cənub sahilləri, xüsusilə Talış florasını əhatə edən bölgələr qədim və relikt bitkilərlə zəngindir”.

Bunu ekoloq Sadiq Qarayev Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, üçüncü dövrün əvvəllərində bu ərazilərdə həmişə yaşıl flora geniş yayılmış və Dəmir ağacı, Çinar, Xəzər lələyi kimi növlər Talış florasının nümayəndəsi olub: “Üçüncü dövrün ortalarından, oliqasen dövründə buzlaşma nəticəsində həmişə yaşıl flora yarpağını tökən bitkilərlə əvəz olunmağa başlayıb. Hazırda Talış florasında 38-ə yaxın növ mövcuddur və iqlim, yağıntı və temperatur dəyişiklikləri floraların bir-birini əvəz etməsinə səbəb olur. Dənizin geri çəkilməsi nəticəsində yaranan yeni torpaq sahələrində bitki aləmi formalaşır ki, bu, təbii bir hadisədir. Lakin o, vurğulayıb ki, sürətlə çoxalan və hər yerə adaptasiya olan növlər digər qiymətli bitkilərin yayılmasını çətinləşdirə bilər”.

Ekoloq misal olaraq Aylant ağacını göstərərək bildirib: “Nadir ağaclar çətin şəraitdə belə sürətlə yayıla bilir. Ona görə də dənizin azad etdiyi ərazilərin tədqiq edilməsi vacibdir ki, orada hansı bitkilərin çoxaldığı müəyyən olunsun. Bu proses idarə olunmalıdır. Quşlar, həşəratlar və digər canlılar ekosistemə uyğun şəkildə formalaşır, lakin müəyyən heyvan növlərinin həddən artıq çoxalması ekosistemdə balansı poza bilər. Bitkilərin toxumları uzun müddət torpaqda qala bilir və bu sahələrdə vaxtilə mövcud olmuş, nəsli kəsilmiş bitkilərin toxumları yenidən cücərə bilər. Bu da Talış florasının qədim nümayəndələrinin üzə çıxmasına imkan yaradır. Eyni zamanda, oraya gəlmiş digər bitkilərin də müəyyən edilməsi tədqiqatçılar üçün vacibdir ki, floradakı dəyişikliklər barədə düzgün nəticələr çıxarılsın”.

Günel Elxan