Ticarət festivalları dövründə alıcılar ƏDV-nin qaytarılması... İqtisadiyyat

Ticarət festivalları dövründə alıcılar ƏDV-nin qaytarılması...

Ticarət festivalları dövründə alıcılar ƏDV-nin qaytarılması ilə bağlı məlumatlandırılacaq. Bu sözləri Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov deyib. O bildirib ki, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün vergiödəyicilərinin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada aparılır. Onun sözlərinə görə, festival zamanı hər bir alıcı verginin qaytarılması ilə bağlı satıcılar tərəfindən izahlı məlumat əldə edə biləcəklər. Əgər alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa, satıcı ona ƏDV-nin qaytarılmasının qaydası barədə də bilgi verməlidir.
Azərbaycanda "Tax Free" sistemi mövcuddur və alıcı xarici vətəndaş olarsa, ona bu barədə də məlumat veriləcək. Bundan sonra həmin əcnəbi şəxs aldığı mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasını bu qaydalardan birinin tələbləri çərçivəsində özü seçə bilər. Ə.Məmmədov deyib ki, alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə satıcı Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-fakturası (e-VHF) tərtib edir və bu barədə məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür: "Alıcı ticarət festivalı dövründə aldığı mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə müəyyən olunmuş yerlərdə yaradılan xüsusi köşkə yaxınlaşaraq aldığı malların elektron vergi hesab-fakturasını vergi orqanının köşkdə çalışan əməkdaşına təqdim edir. Məlumatlar vahid məlumat bazasında yoxlanıldıqdan sonra avtomatik olaraq risk qiymətləndirməsi aparılır və onun nəticələri əsasında vergi orqanının əməkdaşı tərəfindən mallara baxılmalı olub-olmadığı açıqlanır. Yoxlamanın nəticələrinə uyğun olaraq qaytarılacaq ƏDV məbləği barədə təsdiq qeydi aparılır, sənəd möhürlənib alıcıya təqdim olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. Müvəkkil bank isə vergi orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə münasibətdə milli və ya xarici valyutada) alıcının bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır".
Departament rəhbəri ticarət festivalları dövründə hansı mallar üçün ƏDV-nin qaytarılmayacağına da aydınlıq gətirərək deyib: "Tax free" sistemində olduğu kimi burada da bir sıra mallar var. Onlara görə tutulmuş ƏDV qaytarılmır. Buraya aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir". "Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir", - deyə departament rəsmisi vurğulayıb.