Rəsmi Bakı Avropa İttifaqının vasitəçiliyini qəbul etmir Siyasət

Rəsmi Bakı Avropa İttifaqının vasitəçiliyini qəbul etmir

Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bu ayın axırında görüşü baş tutmadı. Təbii ki, Avropa parlamentinin və Avropa Şurasının Azərbaycana qarşı əsassız qətnamələrin qəbulu, Avropa İttifaqı rəsmilərinin Azərbaycanın suverenliyinə qarşı açılmaları, ən əsası isə, Qarabağdan köçən ermənilərin geri qaytarılması kimi məsələlərin danışıqlar masasına çıxarılması gözlənilən görüşün üstündən xətt çəkdi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, bu gün Ermənistan Baş naziri N. Paşinyanın Tiflisdə keçirilən İpək yolu forumunda regionun xəritəsini nümayiş etdirərək, kommunikasiyaların açılmasını qeyd edərək sülhdən danışmasına baxmayaraq danışıqlarda əsassız iddialar irəli sürür. Azərbaycanın Qranada və Brüssel görüşünə qatılmaması, artıq Avropa İttifaqının vasitəçiliyinin Bakı tərəfindən qapadılmasıdır. Ermənistanı sülh prosesindən yayındıran Avropa İttifaqıdır. Avropa İttifaqının mövqeyində dəyişikliklər isə, rəsmi Parisin təzyiqləri fonunda formalaşıb:

"Avropa İttifaqı əvvəlki kursundan yayınaraq konkret məsələlərlə bağlı deyil, erməni iddiaları ilə məsləyə qatılır. Artıq, Azərbaycan və Ermənistan arasında danışıqlar üçün üçüncü tərəfin iştirakı olmadan ikitərəfli format daha məqbuldur. Bundan sonra, Azərbaycanın Ermənistanla üçüncü tərəfin iştirakı ilə mənasız sülh danışıqlarına ayırmağa vaxtı yoxdur. Ermənistan sülh və danışıqlarda maraqlıdırsa, Tiflisdə real sülh danışıqlarına qatıla bilər. Ermənistan Baş naziri Nikol Paşinyanın hazırkı siyasi oriyentariyası real sülhün əldə edilməsini sual altına qoyur".

Cavid