Gələn il üçün qrant müsabiqəsi mövzuları müzakirə olunub Siyasət

Gələn il üçün qrant müsabiqəsi mövzuları müzakirə olunub

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il üçün qrant müsabiqəsi mövzularının ictimai müzakirəsini keçirib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, bu il dekabr ayının 1-də 2017-ci il üçün layihələrin qəbulu üzrə qrant müsabiqəsi elan ediləcək. Onun sözlərinə görə, hazırda texniki işlər aparılır: "Layihələrin elektron qəbulunun proqram təminatının yeni versiyası hazırlanıb. Bu, layihələrin elektron qəbulunu asanlaşdırır, səhvləri aradan qaldırır, ərizələrin əllə doldurulmasına isə ehtiyac qalmır".
Daha sonra layihələrin elektron qəbulunun proqram təminatı ilə bağlı təqdimat olub. F.Qurbanov bildirib ki, müsabiqəyə tez başlamaq üçün texniki işlər artıq yekunlaşmaq üzrədir. Gələn ilin əvvəlində layihələrin icrası planlaşdırılır. Ona görə də QHT-lərin müraciətlərinə cavab dərhal veriləcək. QHT-lər ərizə qeydiyyata alındıqdan sonra qrant müsabiqəsinə müraciət edə biləcəklər.
Bundan sonra isə qrant müsabiqəsinin mövzuları müzakirəyə çıxarılıb. F.Qurbanov bildirib ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş QHT-lərə Dövlət Dəstəyi Şurasının konsepsiyasında 14 istiqamət qeyd olunub: "Hər il mövzular daha da təkminləşdirilir və yeni mövzular elan edilir. Layihələrin cəmiyyət üçün aktual olan diqqətçəkən, maraqlı mövzuları əhatə etməsi çox yaxşı olardı. İnsan haqları, demokratiya, ailə məsələləri ilə bağlı layihələr də hər zaman diqqətdə olub".
Daha sonra çıxış edən QHT rəhbərləri müəyyən təkliflər irəli sürüblər. Onlar ölkəmizin beynəlxalq aləmdə təbliği, gənclərin dini maarifləndirilməsi, gələn il keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə bağlı layihələrə üstünlük verilməsini təklif ediblər.