Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır Siyasət

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

8-9 dekabr tarixlərində Azərbaycan Prezidenti Slovakiyaya səfər edib. Səfər zamanı Prezidentin Slovakiya Prezidenti Peter Pelleqrini, həmçinin Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşü olub. Görüşlərdə iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri müzakirə olunub.

Prezidentin Slovakiya səfərini politoloqlar “Xalq Cəbhəsi”nə şərh ediblər.

“Bu, Mərkəzi Avropada Bakının rolunu gücləndirir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə münasibətlərində tamamilə yeni bir mərhələnin başlandığını göstərir: “Bratislavada aparılan danışıqlarda enerji, müdafiə sənayesi, nəqliyyat və texnologiyalar kimi strateji sahələrin prioritet elan olunması, münasibətlərin artıq protokol çərçivəsini aşdığını təsdiqləyir. Xüsusilə Slovakiya Prezidentinin Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi təqdim etməsi Bakı üçün mühüm diplomatik uğurdur. Rusiya qazından asılılığın azaldığı indiki dövrdə Slovakiyanın Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyi Mərkəzi Avropada Bakının rolunu gücləndirir. Prezident İlham Əliyevin Slovakiyanın istənilən həcmdə qaz təchizatını təmin etmək imkanına malik olduqlarını bildirməsi isə Avropanın enerji xəritəsində Azərbaycanın geosiyasi əhəmiyyətini bir qədər də artırır”.

“İki ölkə yaxın illərdə daha fəal tərəfdaş olacaq”

Z.Qarayevanın bildirdiyinə görə, səfərin digər diqqətçəkən istiqaməti müdafiə sənayesi sahəsində birgə istehsal modelinə dair mesajlar oldu: “Slovakiyanın yalnız silah satmaq yox, texnologiya ötürülməsi və birgə istehsal yaratmaq niyyəti Azərbaycanın müdafiə sənayesinin modernləşməsi üçün real imkan açır. Bununla yanaşı, Orta Dəhliz və nəqliyyat layihələri üzrə əməkdaşlığın genişləndirilməsi Slovakiyanın Azərbaycan vasitəsilə Asiyaya bağlanmaq istəyini göstərir. Prezidentlərin çıxışlarındakı səmimi ton və qarşılıqlı hörmət iki ölkənin yaxın illərdə həm siyasi, həm iqtisadi sahələrdə daha fəal tərəfdaş olacağını göstərir. Bu səfər ümumilikdə Azərbaycanın Avropada yeni strateji açılımının mühüm hissəsi kimi dəyərləndirilə bilər”.

“Slovakiya Azərbaycanın haqq savaşında ölkəmizi dəstəkləyib”

Siyasi şərhçi Şəhla Cəlilzadə qeyd edib ki, 2006-cı ildən müəyyən fasilələrlə Slovakiyanın Baş naziri olan Robert Fitso hökuməti Azərbaycanla münasibətləri tamamilə yeni siyasi xəttə keçirərək strateji inkişaf mərhələsinə yüksəldib: “Halbuki, Fitsodan öncəki Slovakiya Baş naziri Druzinda tamamilə ermənipərəst idi. Dəfələrlə korrupsiya qalmaqallarında adı hallanan Druzinda hətta “Ermənistanın Dostları Şəbəkəsi” adlı anti-Azərbaycan qruplaşmasında da yer alır. Xocalı qatili Serj Sarkisyan 2020-ci ilin martında Brüsselə səfər edərkən orada görüşdüyü rəsmilər arasında Druzinda da var idi. Fitso höküməti isə Azərbaycanın haqq savaşında ədalətli mövqe seçərək ölkəmizi dəstəkləyib, iki ölkə arasında əməkdaşlığı dərinləşdirib. Təsadüfi deyil ki, 7 may 2024-cü ildə ölkəmizə səfər edən və Slovakiya ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayan Fitso ölkəsinə qayıtdıqdan sonra sui-qəsd cəhdi ilə qarşılaşıb. Fitsonun ötən ilki səfəri nəticəsində Slovakiya Azərbaycanla strateji tərəfdaş olan 10-cu Avropa İttifaqı ölkəsinə çevrilib, ortaq hərbi sənaye müəssisəsinin yaradılması, enerji əməkdaşlığı və Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında Slovakiyanın iştirakı barədə qərarlar qəbul olunub”.

“Əməkdaşlığın faktiki nəticələri artıq görülməkdədir”

O əlavə edib ki, ötən bir ildə bu istiqamətdə əməli addımlar atılıb: “Bütün bunların fonunda, Fitsonun ölkəmizə səfərindən 1 il sonra Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri baş tutur. Bu səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı müzakirə olunub. İki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri olaraq enerji, müdafiə sənayesi, o cümlədən nəqliyyat-tranzit, data habın yaradılması-yüksək texnologiya, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun “ağıllı şəhər/kənd” konsepsiyası əsasında bərpa və yenidən qurulması qeyd olunur. Bu istiqamətlərdən bəziləri üzrə əməkdaşlığın faktiki nəticələri artıq görülməkdədir. Məsələn, Azərbaycan 2024-cü ilin dekabrından etibarən Slovakiyanın qaz təchizatçılarından birinə çevrilib. Bu, sadəcə Slovakiyanın enerji ilə təminatı məsələsi deyil. Belə ki, Avropa Komissiyasının oktyabrda keçirilən toplantısında Macarıstan və Slovakiya istisna olmaqla digər bütün Avropa İttifaqı dövlətləri yekdil qərar qəbul edərək 1 yanvar 2028-ci il tarixindən etibarən Rusiyadan neft-qaz idxalını tamamilə dayandıracaqlarını bəyan ediblər. ABŞ-nin NATO-dakı səfiri isə buna cavab olaraq bildirib ki, Rusiyadan neft-qaz satın alan Macarıstan, Türkiyə və Slovakiya kimi dövlətlər də mümkün qədər tez bir zamanda alternativ planlar qurmalı və Rusiya enerji mənbələrindən asılılığını sıfırlamalıdırlar, əks təqdirdə onları da sanksiyalar gözləyir”.

“Münasibətlərimiz ən yüksək etimad səviyyəsinə çatdı”

Ş.Cəlilzadənin sözlərinə görə, Azərbaycanla strateji tərəfdaşlıq və enerji əməkdaşlığı qlobal böhran yaşayan dünyada Slovakiyanın özünə siyasi baxımından daha sağlam yer etməsi, siyasi asılılığa yol açan enerji asılılığını sonlandırması və siyasətini şaxələndirməsi üçün həyati əhəmiyyət daşıyır: “Həmçinin Ağdamın Qərvənd kəndində “ağıllı kəndin” qurulmasında Slovakiya şirkətləri artıq fəaliyyət göstərməkdədirlər. Münasibətlərin ən yüksək etimad səviyyəsinə çatmasının simvolik göstəricisi isə Slovakiya müdafiə nazirinin Vətən müharibəsindəki şanlı qələbəmizin 5 illiyinə həsr olunmuş hərbi paradda iştirakı idi. İki ölkənin hərbi, müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıqları həm ikitərəfli əməkaşlıq, həm də NATO-Azərbaycan münasibətlərinin yeni mərhələyə yüksəldilməsi çərçivəsində qiymətləndirilə bilər. Hazırda Ukraynanın müharibədə mövqeyini qorumasında rol alan Slovakiya silahlarından olan Zuzana and BIA özüyeriyən artilleriya qurğularının Azərbaycanla birgə istehsalı həm də ölkəmizin gələcəkdə qlobal silah sənayesində payının artmasına yol açacaq. Slovakiya, həmçinin işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsində bizə yardım edir və bütün bunlar münasibətlərimizin sadəcə dostluq və strateji tərəfdaşlıq üzərində qurulmaqdan əlavə qlobal humanitar missiyaya xidmət etdiyini də deməyə əsas verir”.

Uzunmüddətli investisiyalar, texnologiya transferi və birgə layihələr

Politoloq Turan Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfərində liderlərin mətbuata açıqlamaları kifayət qədər diqqət çəkir: “Prezidentin vurğuladığı ilk və ən önəmli məqam Azərbaycanın enerji potensialıdır. Ölkə başçısı qeyd edib ki, Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edir və bu ixracın yarısı Avropaya yönəlir. Keçən il isə ilk dəfə Azərbaycan qazı Slovakiyaya ixrac edilib. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi məsələsi kəskin aktuallıq qazanıb. Bu kontekstdə Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır. Bakı həm təbii qazın sabit və etibarlı tədarükçüsü kimi, həm də Avropa ilə əməkdaşlıqda qarşılıqlı faydaya əsaslanan yanaşması ilə diqqəti cəlb edir. Azərbaycanın sərfəli qiymət strategiyası, yəni tədarük edilən qazın rəqabətədavamlı qiymətlərlə təmin olunması, Avropa ölkələrinin enerji təchizatında riskləri azaltmaq üçün cəlbedici bir seçim yaradır. Slovakiya kimi ölkələr üçün bu, xüsusi əhəmiyyət kəsb edir, çünki onların enerji bazarı hələ də xarici resurslardan asılıdır. Azərbaycanla əməkdaşlıq yalnız qaz tədarükü ilə məhdudlaşmır, həm də uzunmüddətli investisiyalar, texnologiya transferi və birgə layihələr baxımından strateji imkanlar yaradır”.

İki ölkə münasibətlərində iqtisadi və strateji dərinlik

Onun sözlərinə görə, dövlət başçının nəqliyyat və infrastruktur sahəsi ilə bağlı mesajları da diqqət çəkir: “Xüsusi ilə Orta Dəhliz layihəsində aktiv iştirak, ölkəni yalnız enerji ixracı üçün deyil, həm də yük daşımaları və regional ticarətin təşkili baxımından strateji bir mərkəzə çevirir. Bu kontekstdə, Bratislava ilə əməkdaşlıq, logistika və nəqliyyat sahəsində qarşılıqlı fayda və strateji etibarlılıq yaradır. Slovakiya lideri də çıxışında Azərbaycanın strateji əhəmiyyətini vurğuladı. Hər iki prezidentin qeyd etdiyi kimi enerji, müdafiə sənayesi, texnologiya və turizm sahələrində əməkdaşlıq perspektivlərini açıq şəkildə təsdiqlədi. Slovakiya Azərbaycanı Cənubi Qafqazın ən böyük iqtisadiyyatı və strateji tərəfdaşı kimi qiymətləndirir. Bu, yalnız diplomatik nəzakət deyil, eyni zamanda regiondakı balans və Avropanın enerji siyasətində ölkəmizin rolunu tanıyan bir mövqedir. Prezident Peter Pelleqrininin diqqət çəkdiyi digər məqamlar – birgə istehsal, texnologiya transferi və müdafiə sahəsində əməkdaşlıq – iki ölkənin münasibətlərində iqtisadi və strateji dərinliyi göstərir”.

Röya İsrafilova