“Fransada güllələnən Rahim Namazov jurnalist deyil“ Siyasət

“Fransada güllələnən Rahim Namazov jurnalist deyil“

"Bəzi yerli kütləvi informasiya vasitələrində Rahim Şəkinski olaraq göstərilən Rahim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Fransa telekanalında bu sayaq təqdimat varsa, təbii ki, çox ciddi yanlışlıqdır".
Bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.

"Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rahim Namazov adlı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır. Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, Rahim Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür", - Şura sədri vurğulayıb.
Ə. Amaşov kütləvi informasiya vasitələrinin, xüsusən də internet informasiya resurslarının təmsilçilərini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, bu gün Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib.
francebleu.fr saytının xəbərində bildirilir ki, R. Namazov həyat yoldaşı ilə avtomobildə gedərkən naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.
Saytın yazdığına görə, hadisə nəticəsində R. Namazovun həyat yoldaşı yerində ölüb, özü isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Fransa saytları R. Namazovu jurnalist kimi təqdim etsə də, o, uzun müddətdir, sosial şəbəkələrdə Rahim Şəkinski adı ilə tanınıb və kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.