“Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir” Siyasət

“Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə tənzimlənə bilər.
Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün keçirdiyi mətbuat konfransında deyib.
Ötən gün Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronla keçirdiyi görüşlərə diqqət çəkən Lakot, rəsmi Parisin vasitəçilikdən irəli gələn öhdəliklərinə sadiq olduğunu vurğulayıb.
"Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli ola bilməz, yalnız sülh danışıqları vasitəsilə nizamlanma mümkündür. Fransa da bu mövqeyə sadiqdir", - deyə Lakot bildirib.
Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı suala gəlincə, fransalı səfir bildirib ki, münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçıları özləri danışıqların formatına dair ortaq məxrəcə gəlməlidirlər.
"Fransada Bakıya silah satmaqla bağlı qoyulan embarqonun aradan qaldırılmasına dair mediada yayılan xəbərlər həqiqətə uyğun deyil" –diplomat bildirib ki, Fransa Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir və problemin dinc yolla nizamlanmasının tərəfdarıdır. Silah satışı isə bu prinsipə ziddir.
"Fransa beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini dəqiq və həssaslıqla yerinə yetirir. Bura Dağlıq Qarabağ münaqişəsində istifadə oluna biləcək silah və hərbi sursat təchizatından çəkinmək də daxildir", - deyə Lakot bildirib.
O, vurğulayıb ki, bu səbəbdən Parisin Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə - Ermənistan və Azərbaycana silah satmaq fikri yoxdur.
Qeyd edək ki, yerli və erməni KİV-lərində Fransa hərbi şirkətlərinin embarqodan azad olaraq, Azərbaycana silah satışına icazə alması barədə xəbərlər yayılıb.