“Milli Fəaliyyət Planı 86% icra edilib“ Siyasət

“Milli Fəaliyyət Planı 86% icra edilib“

"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 86% icra edilib və Milli Fəaliyyət Planının Azərbaycanda və regionda ilk dəfə olaraq Elektron Monitorinq Sistemi (ems.gov.az) vasitəsi ilə qiymətləndirilib.
Bunu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarımili ərzində görülən işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
O, korrupsiyaya qarşı həyata keçirilən mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində "ASAN xidmət" mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının daha da genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulayıb.
Bundan başqa, K.Cəfərov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində institutsional və qanunvericilik tədbirlərin həyata keçirildiyini, yeni Maliyyə Monitorinq Xidmətinin yaradıldığını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri çərçivəsində bu sahədə müvafiq dövlət proqramının icrasına nəzarətin həyata keçirildiyini, qanunvericiliyin icra vəziyyətinin araşdırıldığını və Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinə uyğun olaraq təkliflərin hazırlandığını qeyd edib.
K.Cəfərov korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın "Qanunverciliyinin təkmilləşdirilməsi üzrə" İşçi Qrupu tərəfindən yeni Milli Strategiya və Tədbirlər Planının layihəsinin hazırlandığını və prosesin ilin sonuna kimi müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə yekunlaşacağını bildirib.