Prezident müraciətlərə dərhal reaksiya verib Siyasət

Prezident müraciətlərə dərhal reaksiya verib

Dövlət başçısı Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib.
Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.
Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.
Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.
Qeyd edək ki, Azərbaycanda bir qrup hüquq müdafiəçisi həbsdə olan blogger Mehman Hüseynovla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum bloger Mehman Hüseynovla bağlı 16 dekabr 2018-ci il tarixində baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradılmasına cəhdlər davam etməkdədir. KİV və sosial şəbəkələrdə yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd edilir.
Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup insan hüquqları müdafiəçiləri Mehman Hüseynova baş çəkdik, onun saxlanma şəraiti ilə tanış olduq, özü ilə söhbət etdik və müəyyən etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra azadlığa çıxması ilə bağlı olub.
Bu görüşdən sonra bizim açıqlamalarımız, müşahidələrimiz və qənaətlərimizi ictimaiyyətlə bölüşməyiniz xeyli dərəcədə yalan məlumatların, şayiələrin qarşısını aldı, yerli və beynəlxalq ictimaiyyətin obyektiv informasiya almasına imkan verdi
Möhtərəm cənab Prezident!
Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün bunlar bizə ümid verir ki, məhkum Mehman Hüseynovu barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mehman Hüseynovun gənc olmasını, bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahıl yaşda olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri həmin şəxslə bağlı məsələyə obyektiv baxılması və onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən xahiş edirik.

Hörmətlə
Səadət Bənənyarlı
Sahib Məmmədov
Rauf Zeyni
Əliməmməd Nuriyev
Hazırki müraciətimizə həmçinin ölkənin tanınmış insan hüquqları müdafiəçiləri Novella Cəfərova, Çingiz Qənizadə, Səidə Qocamanlı da qoşulub".