Rusiya Xəzərin bölünməsinə qarşı çıxdı Siyasət

Rusiya Xəzərin bölünməsinə qarşı çıxdı

Putinin xüsusi nümayəndəsi: "Biz dənizin milli sektorlara bölünməsi ilə bağlı mövqeyi bölüşmürük"

"18 ildir ki, Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlmək mümkün olmur". APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov Moskvada keçirdiyi brifinqdə deyib.
İ.Bratçikov Xəzər probleminin həllinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu söyləyib. O, sentyabrın 29-da keçiriləcək Həştərxan sammitində müzakirə olunacaq məsələləri də açıqlayıb: "Sammitdə Xəzər hövzəsinin ümumi təhlükəsizliyi, bioloji resurslarının qorunub saxlanması, ekologiya, iqtisadiyyat və humanitar sahələrə dair məsələlər müzakirə olunacaq. Hidrometeorologiya və ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərarası sənədlər imzalanacaq. Konvensiya təkcə Xəzəri bölməklə məhdudlaşmır. Burada kompleks problemlər mövcuddur, hərbi aspektdən tutmuş digər məsələlərə qədər... Bütün bu məsələlərlə bağlı razılıq əldə olunsa, Xəzərin hüquqi statusu haqda Konvensiya imzalanacaq".
İ. Bratçikov Xəzərin delimitasiyasına dair bir çox məsələlərdə razılıq əldə olunduğunu vurğulayıb: "Rusiya artıq Azərbaycan və Qazaxıstanla sərhədini müəyyənləşdirib. Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran öz aralarında razılığa gəlməlidirlər".
Diplomat Moskvanın Xəzər dənizinin milli sektorlara bölünməsinin əleyhinə olduğunu bəyan edib: "Rusiya tərəfi Xəzər dənizinin milli sektorlara bölünməsi ilə bağlı mövqeni bölüşmür. Moskva əvvəldən bu prinsip əsasında Xəzər dənizinin bölünməsinin əleyhinə çıxış edib. Əvvəl Moskva milli zonalar adlandırılan, sahildən 25 dəniz mili məsafədə zonaların yaradılması ilə razılaşıb. Bu milli zonalardan kənardakı hövzə ümumi su məkanı olmalıdır".