Hikmət Babaoğlu: “Mədəniyyətimizin inkişafına və qorunmasına ayrılmış büdcənin mənimsənilməsi həm də mənəviyyatsızlıqdır” Siyasət

Hikmət Babaoğlu: “Mədəniyyətimizin inkişafına və qorunmasına ayrılmış büdcənin mənimsənilməsi həm də mənəviyyatsızlıqdır”

"Azərbaycan xalqı minilliklərdən bəri yaratdığı maddi və mənəvi mədəniyyət abidələri ilə milli irsimizi dünya mədəniyyəti incilərindən birinə çevirməyi bacarıb. Bu gün də əcdadlarımızdan bizə qalmış bu möhtəşəm mirasın dünyaya tanıdılması, gənc nəsilə ötürülməsi və inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən xüsusi siyasət həyata keçirilir".
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədr müavini Hikmət Babaoğlu deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altında, işğal edilmiş torpaqlarımızda mədəni irsimizin olduqca qiymətli və böyük hissəsi isə erməni vandalları tərəfindən dağıdılmaqdadır: “Tarixi və dini abidələrimiz, qiymətli arxitektura nümunələrimiz, arxeoloji tapıntılarımız ermənilər tərəfindən əsl mədəniyyət soyqırımına məruz qalır, bu da azmış kimi, üstəlik, mənimsənilir. Belə bir vəziyyətdə əlimizdə olan hər bir mədəniyyət nümunəsi olduqca qiymətli, mədəniyyətimizin inkişafı üçün ayrılan vəsait dəyərlidir. Çox təəssüf ki, mədəniyyətimizi qorumaq və inkişaf etdirməklə mükəlləf olan bir nazirlikdə elə hadisələr baş verir ki, bu, təkcə adi cinayət kimi deyil, həm də mənəviyyatsızlıq olaraq qiymətləndirilməlidir".
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatların ən prioritet istiqamətlərindən bir korrupsiyaya qarşı mübarizədir: "Hazırda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xüsusi əməliyyatlar keçirilməklə korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Azərbaycan Prezidenti açıq şəkildə bütün icra hakimiyyəti orqanlarına xəbərdarlıq edir, yeni dövrün tələbləri ilə ayaqlaşa bilməyən, yaxud bunu istəməyən məmurları istefaya dəvət edir. Ancaq təəssüf ki, bütün bunlar bəzən ciddiyə alınmır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi kimi bir ali icra hakimiyyəti orqanında korrupsiya və rüşvətxorluq hallarına yol verilir. Bu, ölkə ictimaiyyəti, elm, mədəniyyət cameəsi tərəfindən ikrah hissi və təəssüflə qarşılanır. Bu nazirliyin yüksək çinli məmurları, nazir müavini Rafiq Bayramov, Zakir Sultanov və digərləri öz səlahiyyətlərindən sui-istifadə etməklə mədəniyyətimizin qorunması və inkişafına dağıdıcı zərbə vururlar. Bu, yolverilməzdir. Hər kəsə bir daha aydın olmalıdır ki, ölkəmizdə korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilinə qədər bu mübarizə davam edəcək və Azərbaycan Prezidentinin bu qətiyyəti daim xalqımızın hər bir vətənsevər fərdi tərəfindən sonadək dəstəklənəcək".