Türkiyə XİN-dən ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış Siyasət

Türkiyə XİN-dən ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış

"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini və Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılmasını tələb edirik"

"Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini bütün platformalarda dəstəkləyirik".
Bunu APA-nın Dağlıq Qarabağ cəbhəsində gərginliyin artması, danışıqların kəsilməsi və ATƏT-in Minsk Qrupunun fəaliyyətindəki nəticəsizliklə bağlı sorğusuna cavab olaraq ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə dövlətinin Xarici İşlər Nazirliyinin İnformasiya idarəsindən bildiriblər.
"Nə qədər ki, bu münaqişə həll olunmayıb, regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlər və hərbi əməliyyatların yenidən başlanması üçün zəmin qalacaq. Ötən ilin iyul və avqust aylarında xeyli insan itkisinə səbəb olan qarşıdurmalar, 12 noyabr tarixində işğal olunmuş ərazilərdə helikopterin vurulması ilə bağlı insident bunu təsdiqləyir. Bu insidentlər, eləcə də gərginliyin davam etməsi bizə vəziyyətin dəyişkənliyini göstərir. Gələcəkdə bu cür toqquşmalardan qaçmaq üçün Dağlıq Qarabağ münaqişəsinin dinc, təcili həll yolunu tapmaq lazımdır", – deyə Türkiyə XİN-in rəsmi nümayəndəsi söyləyib. O qeyd edib ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü və bölgədə qonşu ölkə kimi, bu münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasını istəyir: "Təəssüf ki, 20 ildən çox davam edən münaqişənin sülh yolu ilə həlli üçün çalışan ATƏT-in Minsk Qrupu hələ konkret nəticə göstərməyib. Artıq Minsk Qrupunun nizamlanma istiqamətində daha fəal rol oynamasının vaxtı çatıb. Biz həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin bitməsi üçün səylərini artırmağa çağırırıq. Prezidentlər səviyyəsində görüşlərin ötən il impuls qazanmasını alqışlayırıq. Ümid edirik ki, bu dialoq 2015-ci ildə də davam edəcək və ciddi nəticələr verəcək".
Diplomat əlavə edib ki, Türkiyə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll olunmasını, Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılmasını tələb edir: "Biz Dağlıq Qarabağ kontekstində hər platformada Azərbaycanın yanındayıq. Bu münaqişə bizim siyasi prioritetlərimizdən biri və ölkələrimiz arasındakı yüksək səviyyəli səfərlərin gündəliyində duran məsələdir. Azərbaycan və Türkiyə prezidentlərinin həmsədrliyi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yanvarın 15-də baş tutan görüşündə də Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biri olub".