Ermənistan nə baş verir? - ŞƏRH Siyasət

Ermənistan nə baş verir? - ŞƏRH

Növbəti prezidentin kimliyi daha çox siyasi mesaj xarakteri daşıyacaq

Ermənistan parlamentində keçiriləcək prezident seçkilərinin bu ölkənin ictimai-siyasi həyatına və xarici siyasətinə necə təsir göstərəcəyini nüəyyənləşdirmək üçün, ilk növbədə onun səlahiyyətlərinin çərçivəsində nəzər salmağı vacib hesab edirəm. Ermənistan konstitusiyasına görə, prezident parlament tərəfindən qəbul edilmiş qanunları 21 gün ərzində təsdiqləyir və bu müddət ərzində onun konstitusiya məhkəməsinə izah üçün müraciət etmək hüququ var. Əgər bu müddət ərzində prezident qanunu təsdiqləmirsə, o zaman parlamentin sədri 5 gün ərzində bu vəzifəni yerinə yetirməlidir. Bununla yanaşı, prezident parlamentin hökumətə etimadsızlıq göstərəcəyi, yaxud proqramını təsdiqləməyəcəyi təqdirdə nazirlər kabinetinin istefasını qəbul edir. Prezident baş nazirin təklifinə əsasən hökumətin tərkibində dəyişikliklər edir, silahlı qüvvələrin ali vəzifəli şəxslərini təyin və azad edir, yüksək hərbi rütbələr verir, hökumətin təklifi əsasında ratifikasiyaya ehtiyacı olmayan beynəlxalq müqavilələri imzalayır, təsdiqləyir, qüvvədən düşdüyünü bəyan edir. Vətəndaşlığın verilməsi və dayandırılması, əhv və s. bu kimi məsələləri həll edir.

Göründüyü kimi, Serj Sarkisyanın zamanında qəbul edilən konstitusiyaya uyğun olaraq, Ermənistan prezidentinin ölkənin ictimai-siyasi həyatına təsir edə biləcək səlahiyyətləri yoxdur. Ermənistanda prezidentlik institutu formal xarakter daşıyır. Amma şübhəsiz ki, bu vəzifəni heçə saymaq da doğru olmazdı. Çünki ən azı prezidentlə hökumət arasında yaranmış fikir ayrılıqları ictimai rəyə və hökumətin beynəlxalq nüfuzuna təsir göstərə bilər. Ermənistan prezidentinin seçilməsinə gəldikdə isə, bu ölkənin parlamentinin tərkibi və fraksiyalararası kəskin münasibətlər prezidentin birinci turda seçilə biləcəyi ehtimalını istisna edir. Çünki bunun üçün səslərin dörddə üç hissəsini qazanmaq lazımdır. Hazırda Ermənistan parlamentinin 105 deputatı var. 72 deputat hakim partiyanı, 27 deptat “Hayastan” (Ermənistan), 6 deputat isə “Şərəfim var” bloklarını təmsil edir. Birinci turda uğur qazanmaq üçün namizədlərdən biri ən azı 79 deputatın səsini qazanmalıdır. Bu isə hazırda real deyil. İkinci turda isə prezident sadə səs çoxluğu ilə seçiləcəyi üçün “Vətəndaş müqaviləsi” partiyasının namizədinin seçilməsinə mane ola biləcək heç bir mexanizm yoxdur. Yəni prezident seçkilərinin taleyi indidən həll olunub. Müxalifət də bunu yaxşı başa düşdüyü üçün hələlik öz namizədini irəli sürməyə tərəddüd edir. Onsuz da məğlub olacaq. “Vətəndaş müqaviləsi” partiyasının namizədi isə, bu istər Araik Arutunyan olsun, istərsə də bir başqası, son nəticədə hökumətin qərarlarına təsir göstərmək gücündə olmadığı üçün, mahiyyət etibarilə idarəçiliyin bütün mexanizmləri baş nazir Nikol Paşinyanın və onun komandasının əlində olacaq. Yeganə fərq isə ondan ibarət olacaq ki, prezidentlə hökumət arasında fikir ayrılıqları olmayacaq. Vəssalam.

Hazırda hakim partiyanın namizədi kimi Araik Arutunyanın adı çəkilsə də, hələlik bununla bağlı rəsmi mövqe ifadə olunmayıb. “Vətəndaş müqaviləsi”nin namizədi bu partiyanın sıralarından olmaya da bilər. Qeyd edim ki, namizədlərin arasında “İşıqlı Ermənistan” partiyasının sədri Edmond Manukyanın adı da çəkilir. Manukyan hazırda parlamentdənkənar müxalifət partiyasının sədri olsa da, onun bir zamanlar Nikol Paşinyan eyni blokun – “Yelk”in təsisçiləri olduğunu da unutmaq lazım deyil. Qeyd edim ki, Edmond Manukyan Zəngəzur istiqamətində Rusiyanın Azərbaycan ərazisində müvəqqəti missiya həyata keçirən sülhməramlı kontengenti ilə intensiv əlaqədə olacaq hərbi bazasının yerləşdirilməsi təşəbbüsü ilə çıxış edir. Düşünürəm ki, bu məqam mütləq diqqətə alınmalıdır.

Bütövlükdə, növbəti Ermənistan prezidentinin kimliyi ilk növbədə rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri icra etməsi baxımından veriləcək siyasi mesaj kimi daha böyük əhəmiyyət kəsb edir. Əgər hakim partiyanın namizədi Baş nazirin aparatının rəhbəri Araik Arutunyan olacaqsa, o zaman sülh müqaviləsinin hazırlanması və razılaşdırılması istiqamətində intensiv bir fəaliyyətin ortaya qoyulacağını gözləyə bilərik. Yox əgər hakim partiyanın namizədi Edmond Manukyan kimi peşəkar təxribatçı olacaqsa, deməli Ermənistan və onu yönəldən qüvvələr prosesin dondurulmasına çalışacaqlar.

Elçin Mirzəbəyli