“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər“ Layihə

“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər“

Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan prezidentinin İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır.
Sözügedən dövrdə rayonda geniş quruculuq və yeniləşmə tədbirləri həyata keçirilib, ərazidə gerçəkləşdirilən mühüm layihələr, quruculuq işləri küçə və meydanların, park və istirahət güşələrinin, yaşayış massivlərinin görkəmini daha da gözəlləşdirib, insanların müasir tələblər səviyyəsində rahatlığını reallaşdırıb.
Suraxanıda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.
Suraxanıda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb. Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub. Suraxanı rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir. Son 14 il ərzində rayonda 32015 yeni daimi iş yeri açılıb.
Rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Zığ-Hövsan avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində Zığ qəsəbəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolundan Zığ-Əmircan və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədilə yeni dairə və yol hissəsi də inşa olunur. Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə irimiqyaslı təmir-tikinti, abadlıq işləri aparılır. Yolların kənarında yöndəmsiz vəziyyətdə olan, mövcud tikinti normalarının tələblərinə cavab verməyən, ətraf ərazinin ümumi görünüşünə xələl gətirən yerüstü kommunikasiya xətləri yerin altına salınır, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, qalan hissələri nizama salınaraq rənglənir.
"Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Suraxanı RİH-də işçi qrup yaradılmış, rayonda yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan avtomobil yolları müəyyənləşdirilmiş və səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmiş, bu işin təşkilinə köməklik göstərilməsi məqsədi ilə müvafiq avadanlıq alınıb.
Vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MİDA" MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.
Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə yolların sağ və sol tərəflərində irimiqyaslı təmir-tikinti, abadlıq işləri aparılır. Eyni zamanda "Azərsu" ASC tərəfindən həmin yolda qəzalı vəziyyətdə olan 2 ədəd 400,0 mm. diametrli qəzalı su xəttinin 3,0 kilometrlik hissəsi dəyşdirilir.
"2017-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki"nə uyğun olaraq "Nümunəvi abad məhəllələrin salınması", "Mövcud parkların yenidən qurulması və yeni parkların salınması", "Nümunəvi idman meydançalarının salınması", "Əhalinin bəzi sosial problemlərinin həll olunması", "İctimai xeyir-şər evlərinin əsaslı təmiri və yenilərinin tikintisi", "Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi" və "Xüsusi layihələr" proqramlarına uyğun olaraq ötən ildə Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində sahəsi 50,0 kv.m. olan "Veteranlar guşə"si tikilib istifadəyə verilib, ahılların istirahətinin təşkili üçün lazımi şərait yaradılıb.
Hövsan qəsəbəsi, Böyük Vətən müharibəsində həlak olan Hövsan qəsəbə sakinlərinin şərəfinə ucaldılan abidə kompleksi əsaslı təmir edilib, 1150,0 kv.m ərazi abadlaşdırılıb.
Bülbülə qəsəbəsində yerləşən kənd qəbiristanlığındakı Şəhidlər xiyabanı əsaslı şəkildə təmir edilib, 12 şəhidin xatirəsi əbədiləşdirilib.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın divarına onun xatirə lövhəsinin vurulması ilə əlaqədar binanın ətrafında vətəndaşların ümumi istifadəsində olan sahələr abadlaşdırılıb, həyətdə oturacaqlar quraşdırılıb, təmizlik işləri aparılıb, yaşıllıqlar salınaraq sakinlərin istirahəti üçün şərait yaradılıb, piyada yolu çəkilib və yol kənarına səkilər düzülüb, binanın zirzəmisi çirkab sulardan təmizlənib. Məşğulluğun təmin edilməsi ilə bağlı qəbul edilən Proqrama uyğun olaraq 2017-ci ildə mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsası təmiri məqsədilə Suraxanı rayonunda 241 nəfər işə qəbul edilərək onlarla əmək müqaviləsi bağlanıb və Hövsan qəsəbəsində Elman Qasımov və İlqar Əhlimanov küçələrindəki çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılıb.
Ötən il rayonda 17,8 min poqonometr su və 832 poqonometr kanalizasiya xətləri çəkilib, görülən işlər nəticəsində rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub.
Suraxanının payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə qərargah yaradılıb, RİH başçısı yanında şura iclasında bu məsələ müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib. Əhalinin istiliklə təminatını daha da yaxşılaşdırmaq üçün məhəllədaxili və binadaxili istilik sistemlərində təmir-bərpa işləri görülüb, 1850 poqonometr istilik xətti dəyişdirilib, qarlı-buzlu hava şəraiti üçün qum və duz ehtiyatı yığılıb, maşın və mexanizmlər saz vəziyyətə gətirilib.
Rayon ərazisindəki istilik sisteminə qoşulan 324 çoxmərtəbəli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub.
Suraxanıda yararsız və ya qəzalı vəziyyətdə olan mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, habelə digər obyektlərin sökülərək yenilərinin inşa edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəyyən tədbirlər görülür. Məsələn, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34, 36 və Qəzənfər Vəliyev küçəsi, 13 ünvanlarında yerləşən istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binaları tikilir.
Ekoloji vəziyyətin yaxşılaşmasına rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi keçirilən iməciliklər də müsbət təsir göstərib. Belə ki, Suraxanıda 16 ümumrayon iməciliyində 7562 ədəd ağac əkilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 15-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı da Suraxanıda diqqət mərkəzində saxlanılıb. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə bu tədbirin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə komissiya yaradılıb, müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Rayon ərazisindəki 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilib. Beləliklə, ötən il 15368 nəfər vətəndaşın və 138 kollektivin tibbi müayinəsi reallaşıb. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 87,24 faizini təşkil edir.
Heydər Əliyev Fondu tərəfindən bir qrup eşitmə qüsuru olan imkansız və aztəminatlı rayon sakininə eşitmə cihazı verilib. Bununla bərabər, "İşıqlı həyat" aksiyası əsasında gözündə müəyyən xəstəliklər olan şəhid və aztəminatlı, imkansız ailələrdən, habelə rayonda məskunlaşan məcburi köçkünlərdən bir qisminə oftalmoloji xidmət göstərilib.
Yeri gəlmişkən, Suraxanı ərazisində müxtəlif ünvanlarda 20 mindən artıq məcburi köçkün məskunlaşıb, ötən il ərzində onların məişət problemlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Belə ki, məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki "Gilavar" uşaq bağçasının və H.Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki "Azərtuneltikinti" şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib.
Ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılıb. Azərbaycan prezidentinin müvafiq Fərmanına uyğun olaraq 5 yanvar 2017-ci il tarixdən RİH-ə daxil olan müraciətlərin elektron informasiya sistemi vasitəsi ilə qeydiyyatının aparılmasına, dövriyyəsinin təmin olunmasına, icrasına nəzarət edilməsinə və təhlilinin aparılmasına başlanılıb.
Suraxanı RİH-in internet saytı, elektron poçt ünvanı, facebook, instagram, twitter səhifələri, "Qaynar xətt" telefonu fasiləsiz fəaliyyət göstərmiş, yerlərdə quraşdırılan "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş 194 elektron məktub cavablandırılıb.
Bir sözlə, rayonda əldə olunan nailiyyətlər, qazanılan uğurlar sakinlərdə dövlət və dövlətçiliyə olan inamı, etimadı daha da artırır. Görülən işlərin fonunda inamla demək olar ki, Suraxanı rayonu, sözün əsl mənasında, işıqlı yoldadır və rayonun gələcək uğurlu inkişaf perspektivlərinə nikbinlik yaradır.

Cavid Şahverdiyev
Yazı "Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.