“Zəfər paradı Qarabağın işğaldan xilas olması ilə yanaşı…” Layihə

“Zəfər paradı Qarabağın işğaldan xilas olması ilə yanaşı…”

Derya Akdemir: “Azərbaycan Türkiyə münasibətlərinin fərqli bir mərhələyə keçməsi ilə də bağlı olacaq”

Dekabrın 10-da Zəfər Paradı keçiriləcək. Azərbaycan xalqının səbrsizliklə gözlədiyi parada Müzəffər Azərbaycan ordusu ilə yanaşı Türkiyə hərbçiləri də qatılacaq. Paradda Ermənistan ordusundan qənimət olaraq ələ keçirdiyimiz hərbi texnikalar da nümayiş etdiriləcək.
Araşdırmaçı yazar, Qərbi azərbaycan icmasının Ankara təmsilçisi Dr. Derya Akdemir “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, türk dünyası yeni gözəl günlərin astanasındadır. Araşdırmaçı yazar bildirib ki, 10 dekabrda Bakıda baş tutacaq zəfər paradı Qarabağın işğaldan xilas olması ilə yanaşı, eyni zamanda Azərbaycan Türkiyə münasibətlərinin fərqli bir mərhələyə keçməsinin qutlanması ilə də bağlı olacaq. Derya Akdemir deyib ki, bu zəfər dünyaya türkün gücünü, qüdrətini göstərdi. Dünya gördü ki, bu regionda son söz bizimdir və həlledici məqamda biz yekun qərarı veririk: "Cənab Ali Baş Komandan İlham Əliyevin liderliyində qazanılan şanlı zəfər bütün dünya Türklüyünün zəfərinin, yenidən doğuluşunun addım səsləridir. Biz bundan sonra ciddi mənada bunun şahidi olacağıq. Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, regionda və dünyada söz sahibinə çevrilmələri Türk dünyasının gücünə güc qatacaq, yenidən oyanışın, birgəyaşayışın əsasını qoyacaq. Tarixi torpaqlarımızda təkrar söz sahibinə çevrilməyimiz inşallah önümüzdə dayanan bütün əngəlləri, maneələri aradan qaldıracaq və bizlər Iğdırdan Çin Səddinə kimi uzanan bir həmrəylik yolunun şahidi olacağıq. 10 dekabr tarixində keçiriləcək olan zəfər paradımız bu birlikdəliyin qaranquşu; müjdəçisi kimi tarixə keçəcək. Buna inamımız sonsuzdur".
Deputatı Naqif Həmzəyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin nümayişi oldu: “Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi isə sübut etdi ki ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərə bildi ki, Onun savaşı haqqın, ədalətin bərpası naminə idi”.
Millət vəkili qeyd edib ki, 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyan Azərbaycan böyük təntənə ilə müstəqillik tariximizin ilk Zəfər Paradını keçirəcək. Hər kəs səbirsizliklə öz hərbi texnikamızla yanaşı düşmənin qənimət kimi əldə olunan, həmçinin darmadağın edilən hərbi texnikasının nümayiş olunacağı günü gözləyir.
Bəli, artıq minilliklərdən soraq verən, erməni işğalı altında olan torpaqlarımız öz sahiblərinə qaytarıldı, Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz İlham Əliyevin qətiyyəti, siyasi iradəsidir.
Azərbaycan qürurla mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini, yeni tarixə qədəm qoyduğunu 10 dekabr 2020-ci il tarixində Bakıda keçiriləcək hərbi paradda dünyaya rəsmən elan edəcək. Azərbaycan xalqı ədalətin bərpa edilməsini bayram edəcək. Dünya ictimaiyyəti Azərbaycan xalqının ölkə Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi bir olmağı, milli birliyi sayəsində dövlət müstəqilliyini əbədi və dönməz etdiyinin nümayişinə şahidlik edəcək.
Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərtaca bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı: “Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi”.
Ə.Əmiraslanov qeyd edib ki, tarixdə 8 noyabr Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti oldu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qələbə Bəyanatını fəxrlə, Ermənistanın baş naziri Nikol Paşinyan isə gizli şəkildə imzaladı. İndi Azərbaycan xalqı qüdrətli sərkərdə və müdrik lider İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir, ermənilər isə Paşinyanın istefasını tələb edir. Məhz bu fərqli yaşananlar qalib Azərbaycanın üstünlüklərinin, məğlub Ermənistanın məhvinin aydın mənzərəsini təqdim edir. Hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Bu baxımdan, illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycan 27 ildə, yəni, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində əldə etdiyi uğurların fonunda ilk dəfə Qələbə paradı keçirəcək. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı. Prezidentin göstərdiyi dəmir yumruq kimi birləşdik. Qarabağ məsələsində, müharibə müddətində xalqımız dövlət başçısının ətrafında sıx birləşdi. İstər evləri dağılan sakinlər, istərsə də erməni terroruna məruz qalan vətəndaşlar böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər. Kimliyindən asılı olmayaraq hər kəsin bir amalı vardı: qələbə qazanacağıq! 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən Ordumuz bu şanlı Zəfərini 10 dekabrda Azadlıq meydanından dünyaya nümayiş etdirəcək. Zəfər Paradında müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Parada, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq. Bu parad digər hərbi paradlardan tamamilə fərqlənəcək. Adından da göründüyü kimi, bu parad özündə Qələbə əhval-ruhiyyəmizi, sevincimizi ehtiva edəcək. Parad öz möhtəşəmliyi, ağırlığı, mahiyyəti ilə seçiləcək. Peşəkar, döyüş ruhlu ordusu olan xalqın müstəqilliyi əbədidir. Paradda döyüşdə iştirak edən hərbi hissələrin nümayəndələri də olacaq. Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd edəcəklər. Paradı izləyən hər kəs qürur və sevinc göz yaşı axıdacaq. Həm də Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları bizimlə olacaq. Onu da deyim ki, cənab Prezident Silahlı Qüvvələrin 100 illiyində keçirilən paradda çıxışı etmişdi. Ölkə başçısı söyləmişdi ki, düşməni məğlub edəcəyik və Azadlıq meydanında qələbə paradı keçirəcəyik, zəfər bayrağını bura gətirəcəyik. İki il sonra cənab prezident bunları reallaşdırdı. Gördük ki, bizim güclü, qüdrətli, qətiyyətli, müdrik liderimiz var. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan torpaqları azad olundu. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. 44 günlük müharibədə Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin nümunəsini bir daha nümayiş etdirən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələrək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə paradda iştirak edəcək. Qələbə paradı həm də Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin növbəti təqdimatı olacaq. İşğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli Zəfər bayrağımız parada gətiriləcək. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır. Millətimiz hər zaman zəfər arzulayırdı. Hesab edirəm ki, bu parad xalqımız, dövlətimiz üçün tarixdə çatışmayan boşluq idi. Prezident İlham Əliyevin dekabrın 1-də xalqa müraciətində qeyd etdiyi kimi, “Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcək. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq”.

Əli Zülfüqaroğlu