Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazanıb İdman

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında 15 medal qazanıb

2016-cı ilin sentyabr ayının 3-dən 8-dək Qırğızstanın Çolpon-Ata şəhərində "II Ümumdünya Köçərilər Oyunları" keçirilib. Oyunlara 62 ölkədən 500-dən çox idmançı qatılıb.
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun başçılıq etdiyi böyük nümayəndə bu oyunlarda iştirak edib.
Həmçinin, "II Ümumdünya Köçərilər Oyunları" çərçivəsində, sentyabr ayının 3-dən 7-dək Qırğızstanın Kırçın bölgəsində və Çolpon-Ata şəhərinin ippodromunda böyük mədəni tədbirlər keçirilib. Tədbirlərdə Qırğızstan Prezidenti, Prezident Aparatının, Hökumətin, Parlamentin yüksək vəzifəli şəxsləri iştirak ediblər.
Azərbaycandan idmançılarla yanaşı jurnalistlər də bu oyunlara dəvət olunublar. Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi ilə Qırğız Respublikasına səfər edənlər arasında "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İlham" qəzetinin baş redaktoru Əmir Pəhləvan, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri Fizuli Məcidli və digər tanınmış jurnalistlər olub.
Azərbaycan həmçinin, mədəni tədbirlərdə də iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycanın xalq artisti, opera müğənnisi Fidan Hacıyeva, opera müğənnisi Ələsgər Əliyev, həmçinin muğam xalq musiqisini ifa edən "Üçlük" qrupu (Sahib Paşazadə, Hüseyn Məlikov, Toğrul Əsədullayev) bu tədbirlərdə iştirak etmək üçün Qırğız Respublikasında olublar. Çoxsaylı tamaşaçılar sənətçilərimizin çıxışlarını hərarətlə qarşılayıblar.
Qeyd edək ki, 2013-cü ilin avqust ayının 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının III Sammitində qəbul olunan qətnaməyə əsasən 2014-cü ildən başlayaraq Ümumdünya Köçərilər Oyunlarının keçirilməyə başlanılıb. Bu oyunların türkdilli dövlətlər arasında gələcək əməkdaşlığın və dostluğun genişlənməsində və dərinləşməsində böyük töhfəsi olacaq.
Azərbaycan bütün idman növlərində olduğu kimi, köçərilər oyunlarında da uğurla çıxış edib, 62 ölkə arasında 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq 5-ci yeri tutub.