
İlk hədəf məlumdur
Cavid
"Qazaxıstan islam radikallarının hədəfinə çevrilir. Respublika regionda "Mərkəzi Asiya baharı" baş verəcək birinci ölkə olmaq təhlükəsi qarşısındadır". Bu sözləri "İzvestiya" nəşrində dərc olunan "Qazaxıstanda "Mərkəzi Asiya baharı" başlayır" yazısında yer alıb. Məlum olduğu kimi, ötən bazar günü naməlum şəxslər Aktobedə iki silah mağazası və hərbi hissəyə silahlı hücum edib. Hücumlar nəticəsində üçü hərbçi və üçü mülki şəxs olmaqla altı nəfər öldürülüb, 10-dan çoxu yaralanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, anti-terror əməliyyatı çərçivəsində terror aktı təşkil etmiş 13 ekstremist məhv edilib.
Terror hücumlarının təşkilinə görə, "Qazaxıstan azadlıq ordusu" adlı təşkilat məsuliyyəti öz üzərinə götürüb. Təşkilatın yaydığı müraciətdə bunun "Nazarbayev diktaturası ilə "Qazaxıstanın demokratik inkişaf yolunun tərəfdarlarının ilk döyüşü" olduğu deyilir. Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski "İzvestiya"ya bildirib ki, Qazaxıstanda bir neçə il bundan əvvəl Yaxın Şərqdə baş verən proseslər, yəni "Mərkəzi Asiya yazı" başlanır.
"Qazaxıstan azadlıq ordusu" Nazarbayevi devirməyi qarşısına məqsəd qoyan növbəti təşkilatdır. Bu "Mərkəzi Asiya baharı" ssenarisidir. Məqsəd respublikanın dağıdılması və enerji daşıyıcısılarının Çinə çatdırılmasının dayandırılmasıdır. Belə qruplaşmalar bütün Mərkəzi Asiyada mövcuddur: "Özbəkistan İslam Hərəkatı", Tacikistanda İslam Dirçəlişi Partiyası və sair. Onların hamısı Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin nəzarətindədir, Böyük Britaniya və Fransanın dəstəyi ilə ABŞ tərəfindən kuratorluq edilir. Bütün bunlar məntiqi olaraq Rusiya üçün bilavasitə təhlükə yaradır. Rusiya üçün istənilən Mərkəzi Asiya rejiminin, xüsusən də Qazaxıstandakı rejimin dağılması fövqəladə təhlükəlidir. Sözsüz ki, baş verənləri diqqətlə izləməyə məcburuq", - Satanovski qeyd edib.
Respublikanın Daxili İşlər Nazirliyi baş verənləri terror aktı kimi qiymətləndirsə də, nə ölkə prezidenti, nə də baş nazir rəsmi məlumatları təsdiq etməyib. Hökumət başçısı Kərim Məsimov yalnız qeyd edib ki, dövlət başçısı vəziyyəti nəzarəti altında saxlayır. Qazaxıstanda hesab edirlər ki, döyüşçülərin aktivləşməsi radikal islamın yayılması ilə bağlıdır. Diqqətəlayiqdir ki, 2016-cı ilin fevralında Aktobedə Suriyaya silahlı münaqişədə iştirak etmək üçün getməyə çalışan 11 nəfər saxlanılıb.
Parlamentin ictimai-mədəni inkişafı üzrə komitə üzvü Kamal Burxanov təsdiq edib ki, son illər ərzində ekstremist güclərə xarici təsir əhəmiyyətli dərəcədə artıb: "Son illər ərzində xarici təsir artıb. Ancaq indiyə qədər böyük hücumlar nadir hallarda həyata keçirilirdi. Hücumlar müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı ərəfəsində olub. Hesab edirəm ki, hücumlar fitnəkar xarakter daşıyır".
Onun sözlərinə görə, radikalların fəallığı ölkədə qeyri-stabil iqtisadi situasiya ilə bağlı ola bilər: "Bu il Qazaxıstan üçün kifayət qədər narahat keçib. İqtisadi situasiya neftin qiymətlərinə görə mürəkkəbdir. Təbii ki, bütün bunlar əhalinin həyat səviyyəsinə təsir edir. Eyni zamanda ekstremist güclər aktivləşməyə başlanıb".