Respublikaçılar Rusiyanı cəzalandırmaq niyyətindədir Dünya

Respublikaçılar Rusiyanı cəzalandırmaq niyyətindədir

Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb
"Rusiyanın 2017-ci ildə düşməncəsinə hərəkətlərinə cavab" adlandırılan qanun layihəsinin əsas məqsədi prezident seçilmiş Donald Trampın Rusiya ilə ikitərəfli əlaqələri gücləndirmək istəyinə baxmayaraq, nüfuzlu respublikaçıların Rusiyanı cəzalandırmaq niyyətində olduğunu nümayiş etdirməkdən ibarətdir. Sənəd ABŞ kəşfiyyat agentlikləri tərəfindən Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar tənqid edildiyi hesabatın açıqlamasından dörd gün sonra təqdim edilib.
Qanun layihəsində demokratik təsisatların kiber təhlükəsizliyinin pozulmasına yol verən şəxslərin ölkəyə girişinə qadağa qoyulması və onların bank hesablarının dondurulması nəzərdə tutulur. Sənəddə eyni zamanda, Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlıq aparan və ya kəşfiyyat agenlikləri ilə bağlı xarici şirkətlərə qarşı sanksiyalar da nəzərdə tutulur.
Sənəddə eyni zamanda, prezident Barak Obama administrasiyası tərəfindən Rusiyaya qarşı prezident seçkilərinə müdaxilə və 2014-cü ildə Krımın işğalı ilə əlaqədar tətbiq edilmiş sanksiyaların sistemləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, qanun layihəsinə əsasən, Rusiyanın təbliğatının qarşısının alınması məqsədilə Dövlət Departamenti və ABŞ-ın başqa agentliklərinə 100 milyon dollar vəsait ayrılması planlaşdırılır.
Kremlin sözçüsü Rusiyaya qarşı iddiaların "heç nə ilə əsaslandırılmadığını" deyib. Rusiya eyni zamanda, ABŞ-ın ölkə rəsmilərinə qarşı sanksiyaları tətbiq etməsini tənqid edərək, bu addımın iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcəyini bildirib. ABŞ bazar ertəsi günü Rusiyanın baş müstəntiqi və daha dörd nəfərə qarşı Dövlət Departamentinin bildirdiyi kimi, "insan hüquqları sahəsində ciddi pozuntularla əlaqədar" sanksiyaların tətbiq edildiyini elan edib.