“Mitaq” qasırğası Cənubi Koreyada altı nəfərin həyatına son qoyub Dünya

“Mitaq” qasırğası Cənubi Koreyada altı nəfərin həyatına son qoyub

Cənubi Koreyaya güclü leysan yağışları gətirən “Mitaq” qasırğası indiyə qədər altı nəfərin həyatına son qoyub, bir o qədər insanın isə itkin düşməsinə səbəb olub.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirləri üzrə mərkəzi qərargahın məlumatına görə, həlak olanların əksəriyyəti torpaq sürüşmələri zamanı çökən evlərin dağıntıları altında qalan yaşlı insanlardır.
Ölkənin şərq rayonlarına gecə ərzində 500 millimetrə qədər yağıntı düşüb, bir çox bina su altında qalıb. Ölkənin turizm mərkəzlərindən biri olan Kannın şəhərində avtobusların hərəkəti tam dayanıb. Bəzi rayonların elektrik təminatında problemlər yaranıb, minlərlə insan işıqsız qalıb. Yerli hakimiyyət orqanları təbii fəlakətdən daha çox zərər görən ərazilərdən mindən çox insanı təxliyə edib.
“Mitaq” qasırğası bu gün yerli vaxtla saat 6:00-da Koreya yarımadasını tərk edib, lakin leysan yağışların və güclü küləklərin gün ərzində davam edəcəyi gözlənilir. Cənub istiqamətində aviasiya əlaqəsi bərpa edilib, gəmilərin dənizə çıxışına isə əvvəlki kimi məhdudiyyətlər tətbiq olunur.