DİN seçki ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək Hadisə

DİN seçki ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək

Dünən Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Daxili İşlər Nazirliyinin(DİN) Baş Təhlükəsizlik İdarəsi paytaxtın polis idarələri, habelə ətraf rayon polis orqanlarının xidməti üzrə rəis müavinləri və ictimai təhlükəsizlik xidmətlərinin rəhbərləri, dairə seçki komissiyalarının iştirakı ilə seminar-müşavirə keçirib. DİN Baş Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov deyib ki, bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkiləri sabitlik, əmin-amanlıq şəraitində keçirilməlidir. Bu işdə daxil işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, bu məqsədlə parlamentə keçiriləcək seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydanın qorunması və təhüləsizliyin təmin olunması ilə nazirlik tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib.
H.Eyvazov qeyd edib ki, müşavirənin əsas məqsədi daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir: "Nazirliyin bütün orqanları oktyabrın 27-dən noyabrın 2-dək gücləndirilmiş iş rejiminə keçəcək, ictimai yerlərdə, küçələrdə şəxsi heyətin hesabına post-patrul naryadlarınaın sayı artırılacaq. Seçki dövründə hər bir vətəndaş qanuna əməl etməlidir. Deputatlığa namizədlərin təşviqat kampaniyası zamanı qanun çərçivəsində bütün işlər görüləcək".
Sonra çıxış edən MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, MSK dairə seçki komissiyaları ilə beynəlxalq təşkilatlarla seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər keçirib. Diqqətə çatdırılıb ki, bugünki tədbirin məqsədi polis orqanlarrının seçki vaxtı xidməti fəaliyyətlərinin tənzimlənməsi ilə bağlıdır: "Biz seçkilərin açıq, azad, şəffaf keçirilməsi üçün çalışırıq. Fəaliyyətimizi daha çox seçki prosesində qanun pozuntularına yol verilməməsinə yönəltmişik. Polislər də bu işdə maraqlı olmalıdır. Çünki ictimai qaydanın pozulmasının qarşısının alınması polis işidir. Seçkilər dövründə isə bu, xüsusi əhəmiyyət kəsb edir. Hamımızın məqsədi seçkilərin demokratik şəraitdə keçirilməsidir".
Tədbirə diskussiya şəklində yekun vurulub.