“Azərbaycanda mətbuata dövlət qayğısı mövcuddur” Hadisə

“Azərbaycanda mətbuata dövlət qayğısı mövcuddur”

Əflatun Amaşov: "Yaxın vaxtlarda 250-ə yaxın jurnalistə mənzillər veriləcək"

"Bu gün Azərbaycanda mətbuata dövlət qayğısı mövcuddur. Biz qanunvericilik bazasının təkmilləşməsində bunun şahidi oluruq". Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama münasibət bildirərkən deyib.
MŞ sədrinin sözlərinə görə, ölkə başçısı tərəfindən mətbuatla bağlı imzalanan sərəncamları dünyanın heç bir ölkəsində görmək mümkün deyil: "Heç bir ölkədə mətbuatla bağlı tədbir keçirilmir. Təbii ki, biz bunu cənab prezidentin mətbuata qayğısı kimi qiymətləndiririk. Ümumiyyətlə, Azərbaycanda dövlətin mətbuata qayğısının özünün spesifikliyi var. Jurnalistika elə bir sahədir ki, bu sahədə uzun illər insanlar çalışıb. Bu sahədə işləyən insanları sosial problemlərdən azad etmək, onların mənzil problemlərinin aradan qaldırılması üçün dövlət xüsusi olaraq fəaliyyət göstərir. Məsələn, Azərbaycanda dünyanın heç bir yerində olmayan bir hadisə baş verib. Dövlət öz ölkəsinin jurnalistlərini mənzillə təmin edir".
Ə.Amaşov əlavə edib ki, biz dünyanın heç bir yerində bunun şahidi ola bilmərik: "Hazırda 156 jurnalistə mənzil verilib. Yaxın vaxtlarda isə 250-ə yaxın jurnalistə mənzillər veriləcək. Təbii ki, bu da jurnalistikamızı stimullaşdırır. Əlbəttə ki, jurnalistika gəlir gətirməyən bir sahədir. Bu biznes sahəsi deyil. Bu sahəyə insanları cəlb etmək üçün tədbirlər keçirilir və müəyyən işlər görülür. Bütün bunlar gənc nəslin də bu sahəyə marağını artırır".

Əli