Tarix yaradan türklər Mədəniyyət

Tarix yaradan türklər

XII əsrdə monqollarda qəbilə quruluşu süquta uğrayan bir zamanda dağılan qəbilələrin ayrı-ayrı hissələrindən ibarət yeni birləşmələr – ordu yaranırdı. Orduya hərbi rütbəli şəxslər başçılıq edirdi. Monqol imperatorluğunun banisi Temuçin olub. Monqollar birgə yığıncaqda Temuçini xaqan elan edib onu Çingiz xan adlandırdılar. Bu dövlətin paytaxtı Qaraqorum şəhəri oldu. İmperatorluğu möhkəmlətmək üçün Çingiz xan ordunu gücləndirdi. Monqolların qanunlar məcəlləsi xaqanın şifahi əmrlərinin yazıya köçürülməsi nəticəsində yaranan "Böyük yasa" idi.
Monqolları və qonşu qəbilələrini birləşdirən Çingiz xan geniş işğalları həyata keçirməyə başladı. Əvvəl Sibir (1207-1211), sonra Türküstan (1214) və Şimali Çin (1205) keçirildi. Bundan sonra Xarəzmə, Buxaraya, Səmərqəndə, Urgəncə və Mərvə (1219-1220) hücumlar oldu. 1227-ci ildə Çingiz xan vəfat etdikdən sonra oğlu Udedey böyük xaqan seçildi. Çingiz xan imperatorluğu dövründə imperiyanı dörd oğlu arasında dörd inzibati əraziyə bölmüşdü – Qərbi Monqolustan, Şimali Çin – Udedeyə; Mavəraünnəhr və Yeddisu – Cığataya; Qərb Ulusu – Cuciyə; Şərqi Monqolustan – Tuliyə verilmişdi.
1235-ci ildə Çingiz xanın nəvəsi Batı xanın Avropanın cənub-şərqinə yürüşü nəticəsində qıpçaq və mordvin torpaqları, Xəzər və Azov dənizləri sahilləri işğal edildi. Ryazan və Vladimir şəhərləri də ələ keçirildi. 1240-cı ildə Kiyev, Qalitski, Voln tutulduqdan sonra Batı xan Polşa, Çexiya və Macarıstan üzərinə hücuma keçdi. Rus knyazlarının xəyanəti nəticəsində ordu geri qayıtmağa məcbur oldu. Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu. Xubilay xaqanın dövründə (1264-1299) Çinin cənubu tutulsa da Yaponiya və Hind-Çinə yürüş uğursuzluqla nəticələndi. 1264-cü ildə Xubilay paytaxtı Qaraqorumdan Pekinə köçürdü. XIII əsrin ortalarından başlayan daxili çəkişmələr XIV əsrin əvvəllərində böyük Monqol imperatorluğunu parçalanmağa gətirib çıxardı, yerində ayrı-ayrı müstəqil dövlətlər yarandı.

Qızıl Orda dövləti

Batının Şərqi Avropaya yürüşləri nəticəsində (XIII əsrin 40-cı illəri) Cuci ulusu ərazisində Qızıl Orda dövləti yarandı. Onun tərkibinə Krım, Qafqazın Dərbənd əraziləri, Şimali Xarəzm, Volqa, Roma bulqarlarının, mordvinlərin, qıpçaqların, peçeneqlərin əraziləri daxil idi. Əhalinin əksəriyyətini türklər təşkil etdiyindən onu türk dövləti adlandırırdılar. Xanlar fərmanlarını türk dilində verirdilər. Rus knyazlıqları Qızıl Ordaya daxil olmasalar da vassallıqda idilər. Bu dövlətin paytaxtı Batın xan tərəfindən Astraxan yaxınlığında olan Saray Batı şəhəri idi. XIII əsrin ikinci yarısında Qızıl Ordanın paytaxtı hazırkı Volqoqrad yaxınlığında yerlşmiş Saray - Bərkəyə köçürülmüşdü. Qızıl Ordanın iri feodallarından olan Noğay xan XIII əsrin sonlarında Krıma, Qara dənizin bir hissəsinə və Dunay çayının aşağı ərazilərinə sahib oldu. Batının qardaşı Bərkə xan özü islam dinini qəbul etsə də yalnız Özbək xan (1313-1342) onu rəsmi din elan etdi.
Canı bəyin vəfatından sonra (1357) başlanan çəkişmələr nəticəsində 1357-1380-cı illərdə Qızıl Ordada 25-dən çox xan dəyişdi. Qızıl Ordanın zəifləməsindən istifadə edən Polşa və Litva Qızıl Ordaya məxsus Dneprboyu əraziləri tutdu. Knyaz Dmitrii Donskoy Kulikovo döyüşündə (1380) Mamay xanı məğlub etdi. Əmir Teymurun dəstəyi sayəsində Toxtamış Moskvanı tutub (1382) yandırdı. Toxtamış Teymurilərin ərazilərinə hücum etdiyinə görə Terek sahillrində (1395) Teymur tərəfindən məğlub edildi. Saray-Bərkə ələ keçirildi.
XV əsrin birinci yarısında Volqaboyunda Qazan və Astraxan xanlıqları, Volqa və İrtış çayları arasında Noğay Ordan, Krım, XV əsrin ikinci yarısında Qərbi Sibir xanlığı yaradıldı. 1480-cı ildə Əhməd xan və Moskva knyazı III İvan Uqra çayı üzərində qarşılaşdı. Polşa kralı bu qarşılaşmada Əhməd xana kömək edə bilmədi. Şaxtalı-sazaqlı havada vuruşa bilməyən Əhməd xan döyüşdən geri döndü. Noğaylar Əhməd xanı qətlə yetirdilər. Beləliklə, Rusiya monqol əsarətindən azad edildi. XV əsrin əvvəllərində Qızıl Orda tamamilə süquta uğradı.

Osmanlı imperatorluğu

Böyük Səlcuq imperatoluğu dağıldıqdan sonra Kiçik Asiyada yeni bir qüdrətli türk dövləti – Osmanlı imperatorluğu yarandı. Osmanlı İmperatorluğu Türkiyə sultanlığının adı ilə bağlıdır. Osmanlı imperatorluğu XV-XVI əsrlərdə türklərin Asiya, Avropa və Afrikanı ələ keçirmələri nəticəsində yaranıb, XVI əsrin ikinci yarısı və XVII əsrin 70-ci illərinin ortalarına qədər Türkiyə torpaqlarından başqa həm də bütün Balkan yarımadası, Şimali Afrikanın, Mesopotamiyanın və b. torpaqların ərazilərini uzun zaman kəsiyində öz tabeliyində saxlayıb. Yalnız Birinci Dünya Müharibəsində məğlubiyyətə uğradıqdan sonra dağılıb.
Osmanlı imperatorluğunun yaranmasının təfsilatları.
Çingiz xan Mərkəzi Asiyaya zəfər yürüşü edərkən Anadoluya 70 minə yaxın oğuz türkü köç etmişdi. Səlcuqların qayı boyundan Ərtoğrul öz tayfasını 1231-ci ildə Ankara sərhədlərinə gətirir. Ərtoğrulun ölümündən sonra onun oğlu Osman bəy (1289-1326) Konya sultanlığını tabeliyinə keçirib 1299-cu ildə Osmanlı dövlətini yaradır. Bursa fəth olunur. Osmanlılar Mərmərə dənizinin Anadolu hissəsinə daimi sahib çıxırlar. 1329-cu ildə Bursa paytaxt elan edilir. Ölkə vilayətlərə və dairələrə bölünür. Konstantinopolu ələ keçirmək üçün Orxan Qazi 1329-cu il Maltəpə döyüşündə Bizansı məğlub edir.
1359-cu ildə hakimiyyətə gələn I Murad (1359-1389) sultan titulunu qəbul edir. O, 1361-ci ildə Ədirnəni tutaraq onu dövlətin paytaxtına çevirir. Balkan yarımadası, Bizans, Bolqarıstan, Serbiya, digər ərazilər və xalqlar türklərin əsarəti altına düşürlər. Lakin XV əsrin əvvəllərində I İldırım Bəyazidin Konstantinopolu mühasirəsi uğurla nəticələnmir. Əmir Teymur Şərqi Anadolunu ələ keçirir. 1402-ci ilin yayında Ankara düzənliyində orta əsrlərin ən qanlı döyüşlərindən biri baş verir. Osmanlılar Ankara döyüşündə məğlub olurlar, Sultan Bəyazid əsir düşür.
I İldırım Bəyazidin məğlubiyyəti Avropanı Osmanlı imperatorluğunun işğalından xilas etdi. Bu xəbəri eşidən Roma papası Avropa ölkələri kilsələrində üç gün kilsə zənglərinin sədaları altında şükranlıq duası oxumağı tapşırır. II Murad (1421-1451) Osmanlı dövlətinin qüdrətini bərpa edib Varna döyüşündə macar və çex ordusunu məğlub edir. Krım xanlığı Osmanlı dövlətindən asılı vəziyyətə düşür, Albaniya tabe edilir, Venesiya ilə sülh müqaviləsi bağlanılır.
XV əsrin ikinci yarısında Moldova, Valaxiya, Moreya yunan knyazlığı və Afina hersoqluğu Osmanlı dövlətindən asılı vəziyyətə salınır. Osmanlı dövlətində Sultandan sonra əsas vəzifəni baş vəzir tuturdu. Ölkə ərazisi paşalıq və sancaqlar kimi izibati ərazilərə bölünmüşdü.
XVI əsrin əvvəllərində Osmanlı imperatorluğu Yaxın Şərqdə çoxlu ərazilər tutaraq regionun ən böyük dövlətinə çevrilir. I Sultan Səlim (1512-1520) 1516-cı ildə Hələb, Dəməşq və Fələstini, 1518-ci ildə isə Misiri tutur. İspaniya donanmasını məğlubiyyətə uğradıb Əlcəzairi diz çökdürür. Sultan Səlimin fatehliyi nəticəsində Osmanlı imperatorluğunun əraziləri 2,5 dəfə artır. I Sultan Süleyman Qanuni 1521-ci ildə Mərkəzi Avropanını açarı Belqradı ələ keçirir, 1526-c ildə Macarıstanın paytaxtı Budapeşt tutulur, 1529-cu ildə Vyana mühasirəyə alınır. 1556-cı ildə Tripoli, 1564-cü ildə Tunis Osmanlı imperatorluğundan asılı vəziyyətə düşür. Belə vəziyyət Asiya, Avropa və Afrika qitələrini fəth edən I Süleyman Qanuninin nüfuzunu kifayət qədər artırdı.
Bununla belə çoxsaylı müharibələr, vergilərin artırılması, kənd təsərrüfatının müflisləşməsi, hərbi qənimətlərin azalması, ordunun döyüş qabiliyyətinin zəifləməsi daxili vəziyyətin kəskinləşməsinə gətirib çıxardı. XVI-XVII əsrin əvvəllərində baş vermiş üsyanlar ölkənin iqtisadi və siyasi dayaqlarına böyük zərbə vurdu.

Nizami Tağısoy
professor