“Ülvimə bir məktub yazdım” kitabı çap olunub Mədəniyyət

“Ülvimə bir məktub yazdım” kitabı çap olunub

Anadan olmasının 50-ci ildönümü tamam olan Ülvi Bünyadzadəyə həsr olunan növbəti kitab “Ülvimə bir məktub yazdım” adlanır.
Filologiya elmləri doktoru Almaz Ülvinin yazdığı bu kitab Ülvi ömrünə işıq salan bir toplu, bir salnamədir. Kitabın redaktoru və “Bir eşqin şöləsi” adlı “Ön söz”ün müəllifi yazıçı, tədqiqatçı Sevinc Ədalətqızı, rəyçiləri filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru, professor Salidə Şərifova, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Günel Məmmədovadır. 220 səhifəlik kitabda Ülvi Bünyadzadənin gəncliyə örnək taleyi araşdırılıb.
“Bir eşqin şöləsi” adlı “Ön söz”də deyilir: “Ülvi Bünyadzadə öz bənzərsiz və təkrarsız qələmi ilə oxucu qəlbinə yol tapan şairlərdən idi: fəlsəfi ideyalara sığınan şair qəlbi Vətən və məhəbbət eşqi ilə çırpınan, onun bir sevgi işığında qəlbinin dərinliyindən süzülərək axıb gələn göz yaşı tək büllur misraları o qədər səmimi, o qədər ilahidir ki... Sanki ilahi qüvvə imiş onu poeziyaya, şeirə-sənətə bağlayan. O ilahi qüvvənin təsiri ilə ruhunu müşayiət edən ilham qanadlı axıcı misralar Ülvinin iç dünyasının aynasıdır sanki. Ülvini Vətən məfhumundan ayrı, Vətən məfhumunu da Ülvidən ayrı təsəvvür etmək qeyri-mümkündür. Çünki o, vətənin ayrılmaz bir parçası idi. Elə bu vətənə qurban getmək üçün doğulmuşdu Ülvi. Qəlbinə tuşlanan zalım gülləsi də vətənin qəlbinə dəymişdi sanki.
Xalqı, vətəni qarşısında öz mənəvi borcunu ödəməyə, uğrunda can verib, şəhid olmağa tələsən Ülvi Bünyadzadə taleyində öz yolunu çoxdan müəyyənləşdirmişdi. Onun üçün həyatda başqa yol yox idi. Seçdiyi yol elə şərəfli, elə müqəddəs bir yol idi ki...
Təkcə Vətən üçün yazdığı “And”ı Ülvi şəxsiyyətini, hətta özünün dediyi kimi öz azərbaycanlı “mən”ini bütövlükdə təsdiqləyən kişilik, qeyrət rəmzidir sanki. Ülvinin adına bərabər ülvi “And”ı onun Vətənə layiqli övlad olması ilə yanaşı, necə yüksək, ali insan olduğundan xəbər verir. Ülvinin vətənpərvər hisslərini xarakterizə edən təkrarsız “And”ı 90-cı illər Azərbaycan gəncliyi üçün aktual olduğu halda bugünkü gün üçün də aktual hesab edilərək ibrətamiz, ən üstün mənəvi keyfiyyətlərin daşıyıcısı anlamına gəlir. Bu “And”ı oxuduqca heç cür duyğulanmamaq olmur. Mənim fikrimcə, Ülvi şəxsiyyəti ilə yaxından tanış olmaq üçün sadəcə onun vətənə ünvanladığı bu müqəddəs “And”ını oxumaq kifayətdir. Çünki Ülvi bu “And”ıyla öz şəhidlik hisslərinə, öz şəhidlik əqidəsinə möhür vurmuşdur.
Ülvinin adı kimi ülvi amalı, ülvi məsləki qarşısında hələ ki, ona mənən çox şeylər borcluyuq. Çünki Ülvi xalqının, millətinin azadlığa, müstəqilliyə qovuşması üçün şirin canından keçdi. Bizlər üçün on minlərlə Azərbaycan vətəndaşı üçün. Bahar təravətli gəncliyini bircə an da belə düşünmədən qanlı və şanlı mübarizəyə həsr edərək ululardan ulu bir zirvəyə yüksəldi Ülvi.
1990-cı ilin soyuq yanvar gecəsində vətəni, xalqı üçün “qırmızı imperiya”nın zirehli tırtılları önündə sinəsini sipər edəndə Ülvinin cəmi 20 yaşı var idi. 21 yaşına yenicə qədəm qoymuşdu. Amma şərəfli ömür kitabına cəmi 20 il 4 aylıq bir səhifə yazılmışdır. Ömrünün 21-ci qışı görünür ona taledən şəhidlik ərmağanı imiş. Bəli, müqəddəs şəhidlik ərməğanı. Fikrimizcə, həyatda insan üçün bundan da gözəl, bundan da şərəfli, bundan da qürurverici məslək, əqidə, amal, bundan da böyük, bundan da dəyərli ərməğan nə ola bilər ki?”
O, milli mübarizə, Azərbaycan azadlığı, müstəqilliyi uğrunda mübarizə meydanına “And” içərək atıldı. “Bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam...” qayəli Ülvi “lazım olarsa, cismimizi belə yandırmağa hazır olmalıyıq” – dedi və bu yolda şəhid oldu. Onun cib dəftərçəsinə yazdığı bu “And”ı böyük vətəndaş Ülvi Bünyadzadənin özünün-özünə andı idi.
Azadlıq eşqi ilə şeirlər qoşan, Vətən təəssübü ilə şəhid olan Ülvi Bünyadzadə cəmi 20 illik həyatı ilə Azərbaycan tarixində, Azərbaycan ədəbi-mədəni həyatında silinməz izlər qoymuşdur. 13 yaşında –
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
– deyən Ülvi Bünyadzadənin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbindən silinməyəcək və daima ehtiramla anılacaq.