Tarix və mədəniyyət abidələrinin siyahısına dəyişiklik edilib Mədəniyyət

Tarix və mədəniyyət abidələrinin siyahısına dəyişiklik edilib

Şirvanşahlar Sarayının daha qədim dövrə aid olduğu üzə çıxıb

Nazirlər Kabineti Azərbaycanın "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişiklik "İçərişəhər" Memarlıq-Şəhərsalma Kompleksi və Şirvanşahlar Sarayı Kompleksi və bu komplekslərə daxil olan tarix və mədəniyyət abidələrinin tarixi, daha doğrusu, daha qədim tarixə malik olmalarının üzə çıxması ilə bağlıdır.
Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarına əsasən təsdiqlənən siyahıda "İçərişəhər" memarlıq-şəhərsalma kompleksinin tarixi VI-XIX əsrlər, bu kompleksə daxil olan Məhəmməd məscidinin tarixi 1078-1079-cu illər, Qız qalasının tarixi VI-XII əsrlər, Şirvanşahlar sarayı kompleksinin tarixi XIII-XV əsrlər, bu kompleksə daxil olan Şirvanşahların yaşayış binasının tarixi XV əsr, Divanxananın tarixi XV əsr, Şah məscidinin tarixi 1441-1442-ci illər, Seyid Yəhya Bakuvinin türbəsinin tarixi XV əsr, Şirvanşahların türbəsinin tarixi 1435-1436-ci illər, Murad darvazasının tarixi 1585-ci il, Hamamın tarixi XV əsr, Key Qubad məscidinin qalıqlarının tarixi XV əsr qeyd edilib.
Nazirlər Kabinetinin qərarına əsasən "İçərişəhər" memarlıq-şəhərsalma kompleksinin tarixi antik dövr - XX əsrin əvvəlləri, Qız qalasının tarixi antik dövr - XII əsr, Şirvanşahlar sarayı kompleksinin tarixi XII-XV əsrlər, Şirvanşahların yaşayış binasının tarixi XII - XV əsrlər, Key Qubad məscidinin qalıqlarının tarixi XIV əsr qeyd edilib.
Siyahıda Məhəmməd məscidi, Divanxana, Şah məscidi, Seyid Yəhya Bakuvinin türbəsi və Hamamın tarixləri dəyişməyib. Şirvanşahlar türbəsinin tarixi olduğu kimi saxlanılıb, adı dəyişdirilərək "Şirvanşah Xəlilullahın anası və oğlu üçün tikdirdiyi türbə" adlandırılıb. Murad darvazasının isə həm adı dəyişdirilərək "Sultan Murad darvazası" adlandırılıb, həm də tarixi dəyişdirilərək 1585-1586-cı illər göstərilib.