“GoldenPay” dövlət qurumlarının internet üzərindən ödənişlərinin təminatçısına çevrilib İqtisadiyyat

“GoldenPay” dövlət qurumlarının internet üzərindən ödənişlərinin təminatçısına çevrilib

Azərbaycanın onlayn ödəmələr bazarının lideri olan "GoldenPay" ASC-nin yaranmasından 9 il keçir. "GoldenPay" ASC-dən AZƏRTAC-a bildiriblər ki, ilk başda start-up şəklində qurulmuş "GoldenPay" bu gün 20-dən artıq dövlət qurumunun, 500-dən çox hüquqi və fiziki şəxsin internet üzərindən ödənişlərinin təminatçısına çevrilib. Şirkət biznes sektoru üçün ödəmə sistemlərinin qurulması və pərakəndə sektor üçün Hesab.az portalı vasitəsilə ödənişlərin aparılması sahəsində hər il daha da uğurlu nəticələr göstərir.
"GoldenPay" bank kartları vasitəsilə ayda 11 milyon AZN həcmində 600 mindən çox əməliyyat həyata keçirilir ki, bu da elektron ödənişlər bazarının 70 faizini təşkil edir. Bu sahədə ölkə daxilində yüksək nəticələr əldə edən "GoldenPay" artıq Bosniya və Herseqovina kimi ölkələrdə də öz fəaliyyətinə başlayıb. Şirkətin xarici ölkələrdə fəaliyyətə başlamasından sonra isə yaxın gələcəkdə İPO (səhmlərin ilkin buraxılışı) nəzərdə tutulub. Şirkətin ən uğurlu brendi olan Hesab.az portalının qeydiyyatdan keçmiş istifadəçilərinin sayı artıq 230 mini keçib və bu rəqəm daima artmaqdadır. Hesab.az istifadəçilərinə kommunal, TV, internet, mobil, ev telefonu, əyləncə, bank krediti və digər ödənişləri rahat şəkildə, vaxta qənaət edərək ödəmək imkanı verir.
"GoldenPay" məlumatların şifrələnməsi üzrə dünyanın ən məşhur şirkətlərindən biri olan "Geotrust"la çalışır. Həmçinin kart məlumatlarının qorunması üçün PCİ DSS sertifikatından istifadə edilir. Əlavə olaraq bir neçə təhlükəsizlik funksiyası ilə "GoldenPay" istifadəçilərinin etibarını qazanıb.