Ticarətin asan və təhlükəsiz keçirilməsi mövzusunda təlim İqtisadiyyat

Ticarətin asan və təhlükəsiz keçirilməsi mövzusunda təlim

Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi" mövzusunda təlim başlayıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan, Tacikistan və Qırğızıstan gömrük xidmətlərinin müvafiq strukturlarının nümayəndələri iştirak edir. Öncə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müasir qloballaşan dünyada iqtisadiyyatın inkişafını təmin edən əsas amillərdən birinin gömrük infrastrukturunun yaradılması olduğunu bildirib. Bu baxımdan, Azərbaycanda gömrük əməkdaşlarının potensialının inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Səfər Mehdiyev əməkdaşların peşə biliklərinin artırılması istiqamətində bütün zəruri addımların atıldığını diqqətə çatdırıb.
Azərbaycanın coğrafi baxımdan müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişməsində yerləşməsinin ölkənin Şimal-Cənub, Qərb-Şərq arasında əlverişli körpü rolu oynamasına şərait yaratdığını bildirən Səfər Mehdiyev ölkə rəhbərliyi tərəfindən atılan məqsədyönlü addımlar, xüsusilə, gömrük sahəsində həyata keçirilən islahatlar, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasının beynəlxalq ticarət zəncirinin asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə mühüm töhfə verdiyini deyib. Son illər Azərbaycan gömrük orqanlarının qaçaqmalçılıqla mübarizə sahəsində həyata keçirilən islahatlar hesabına mühüm nailiyyətlər əldə etdiyini də diqqətə çatdıran komitə rəsmisi keçirilən təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri Batır Geldiyev Azərbaycan, Tacikistan və Qırğızıstanın qaçaqmalçılıq və narkotiklərlə mübarizə sahəsində strateji regionda yerləşdiyini vurğulayan BMT nümayəndəsi bu istiqamətdə əməkdaşlığın ümumi işə faydasından bəhs edib. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Qara dəniz regionu üzrə nümayəndəsi Naida Şamilova isə beynəlxalq ticarətin təhlükəsiz və asan şəkildə həyata keçirilməsi məsələsinə toxunaraq, bununla bağlı keçirilən təlimin əhəmiyyətindən danışıb.
Daha sonra Niderland Gömrük Xidmətinin ekspertləri Jan van İ və Kis Vişer təlimin mahiyyəti, ümumi gömrük işi və beynəlxalq ticarətin təhlükəsiz həyata keçirilməsi baxımından faydası barədə məlumat veriblər. Üçgünlük təlim zamanı plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsinin yolları, bu sahədə təcrübə mübadiləsi, narkotiklərin konteynerlərdə gizlədilməsi, konteyner yoxlaması zamanı sağlamlıq və təhlükəsizlik məsələləri və digər mövzularda bilgi veriləcək, praktiki məşğələlər keçiriləcək.