Qarabağ bölgəsində müasir müəssisələr yaradılır İqtisadiyyat

Qarabağ bölgəsində müasir müəssisələr yaradılır

Tərlan

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Hazirliyin məlumatına görə, oktyabrın 3-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirilib.
100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun olan sahələrə - ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Qeyd edilmişdir ki, indiyədək 1451 məcburi köçkün sahibkara 34,5 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-ə yaxın yeni iş yerinin yaradılması mümkün olmuşdur. Təkcə, 2014-cü ilin ötən dövrü ərzində 246 məcburi köçkün sahibkara 8,7 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilmişdir ki, bu kreditlər hesabına 450-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,3 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Füzuli və ətraf rayonlardan olan 43 sahibkara 721 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 70-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Horadiz qəsəbəsində keçirilmiş işgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb. Forum çərçivəsində Füzuli rayonunda güzəştli kreditlərdən istifadə etməklə yaradılmış 1000 başlıq müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Bu heyvandarlıq kompleksinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib.