“Azərbaycan və Bakı üçün darıxmışam” Müsahibə

“Azərbaycan və Bakı üçün darıxmışam”

General Engin Alan: "Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, ədalət yerini tapmalıdır"

Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul millət vəkili, Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı, istefada olan general-polkovnik Engin Alanın APA-ya müsahibəsi

- Azərbaycan ordusunun qurulması üçün önəmli işlər gördüyünüzü bilirik. Keçmiş hərbçi, indiki siyasətçi kimi düşüncələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Türkiyə də, Azərbaycan da mənim vətənimdir. Heç vaxt bu prinsipdən kənara çıxmamışam. İnşallah, ilk fürsətdə gedib o vətənimi ziyarət etmək, oradakı dostlarımla görüşmək istəyirəm. Allah Azərbaycanın yolunu, bəxtini açıq etsin. Allah Azərbaycanı ucaltsın. Allah Azərbaycan türkü ilə Türkiyə türkünü bir-birindən ayrı qoymasın. Bunları demək istəyirəm. Allah oraya getməyi qismət edərsə, ürək sözlərimi orada deyərəm. Bakı üçün çox darıxmışam. Azərbaycanın hər tərəfi üçün darıxmışam. Başda cəbhə bölgələri olmaqla, Azərbaycanın hər yerini gəzmişəm. İnşallah, ilk fürsətdə getmək istəyirəm. Mərhum prezident Heydər Əliyev Azərbaycan ordusunun qurulması üçün önəmli işlər gördü, biz də əlimizdən gələn köməyi etdik. Müdafiə naziri təyin olunması münasibətilə Zakir bəyi ürəkdən təbrik edirəm, onunla çox yaxın münasibətlərimiz olub.

- Bilirsiniz ki, son həftələrdə Ermənistanın yenidən Azərbaycana qarşı hücumları oldu, milli ordumuz da layiqli cavabı verdi...

- Bilirəm, bilirəm, yaxından izləyirəm. Qarabağ problemi önəmli məsələdir. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Tez zamanda Azərbaycanın işğal edilmiş torpaqlarının geri qayıtmasını diləyirik, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, ədalət yerini tapmalıdır. Mənim də, bütün Türkiyənin də arzusu budur.

- Azərbaycana nə vaxt getməyi planlaşdırırsınız?

- Dəqiq tarix yoxdur, ancaq, təbii ki, ən qısa müddətdə getmək istəyirəm. Azərbaycandakı bütün dostlarıma, qardaşlarıma ürək dolu salamlar, sayğılar, sevgilər göndərirəm.