Tehran İrəvanı seçir, ancaq bu yaxınlıq... Siyasət

Tehran İrəvanı seçir, ancaq bu yaxınlıq...

İran Ermənistanın Azərbaycanın düşməni olduğunu artıq başa düşməlidir.
Bunu İran Prezidentinin Ermənistana səfərini şərh edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Tehran hazırkı vəziyyəti çox yaxşı dərk etsə də, İrəvanla yaxınlığa davam edir:
"İran Ermənistanın Azərbaycanın düşməni olduğunu başa düşməlidir. Ermənistana təzyiqlər göstərilməli, sanksiyalar tətbiq edilməlidir. Çünki bu, həm Azərbaycanın maraqlarına, həm də Azərbaycan-İran münasibətlərinə və ən əsası islam həmrəyliyinə ziddir. Ermənistan və İran dövlət başçıları arasında bundan öncə də bir neçə dəfə görüşlər olub. Tehranın bu addımı məntiqə uyğun deyil".
Politoloqa görə, İsraillə olan münasibətlərimiz İranın Ermənistanla olan münasibətləri ilə müqayisə edilə bilməz:
"İsrail Yaxın Şərqin aparıcı dövlətlərindən biridir. Azərbaycanın İsraillə hərbi texniki əlaqələri getdikcə güclənir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox önəmlidir. Bu fonda Netanyahunun Bakıya səfəri olduqca əhəmiyyətli idi".
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Ermənistana gedib. H.Ruhani Ermənistandan sonra Qazaxıstan və Qırğızıstana səfər edəcək.