Azərbaycandan Minsk qrupuna çağırış Siyasət

Azərbaycandan Minsk qrupuna çağırış

"Yezidi kürdlərin Dağlıq Qarabağ ərazisində qanunsuz yerləşdirilməsinə ciddi reaksiya verilməlidir"

Azərbaycan ATƏT-in Minsk qrupunu yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz yerləşdirilməsinə ciddi reaksiya verməyə çağırıb. "Trend"in məlumatına görə, bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
E.Abdullayev bildirib: "Belə cəhdlər və hərəkətlər Dağlıq Qarabağ ətrafında danışıqlar prosesinə mane olur və dördüncü Cenevrə Konvensiyasına ziddir".
Onun sözlərinə görə, belə cəhdlərə və hərəkətlərə keçmişdə də yol verilib və belə faktlar ATƏT missiyasının Ermənistan tərəfindən adamların işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz yerləşdirilməsi faktlarının araşdırılmasına dair hesabatında öz əksini tapıb.
E.Abdullayev bildirib ki, Azərbaycan XİN artıq beynəlxalq təşkilatları Ermənistanın yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağda və ona bitişik işğal edilmiş ərazilərdə qanunsuz yerləşdirilməsi cəhdləri haqqında məlumatlandırıb.