“Şamaxı soyqırımı” mövzusunda tədbir keçirilib Siyasət

“Şamaxı soyqırımı” mövzusunda tədbir keçirilib

Dünən Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az portalının Diskussiya Klubunda "Şamaxı soyqırımı" mövzusunda növbəti tədbir baş tutub
BayMedia.az-ın məlumatına görə, Şamaxının millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında keçirilən tədbirdə şamaxılı alimlər, təhsil işçiləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Müzakirələrdə 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev, millət vəkilinin Şamaxıdakı səlahiyyətli nümayəndəsi, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, filoloji elmlər doktoru, professor Seyfəddin Qəniyev, tarix üzrə fəlsəfə doktoru Mayıl Alıcanov və digərləri çıxış ediblər. Qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımının ən qanlı səhifələri yazılıb. Müzakirələrdə bildirilib ki, Şamaxı soyqırımı ilə bağlı xeyli əsərlər yazılsa da, bu qanlı hadisələrin tədqiqi gələcəkdə davam etdirilməli, qətlə yetirilənlərin dəqiq sayı müəyyənləşdirilməlidir. Bildirilib ki, 1905.az portalının Şamaxı məktəbliləri arasında elan etdiyi "Şamaxı soyqırımı" mövzusunda inşa müsabiqəsi gənc nəslin diqqətini bu hadisələrə cəlb etmək baxımından əhəmiyyətlidir.
Məlumat üçün qeyd edək ki, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 28 mart 2014-cü ildə yaradılan 1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ermənilərin azərbaycanlılara qarşı başladıqları soyqırım siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir. Portal ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur.