Azərbaycan Ordusunun taktiki təlimləri və cəbhədə erməni təxribatları Layihə

Azərbaycan Ordusunun taktiki təlimləri və cəbhədə erməni təxribatları

Üzeyir Cəfərov: "İşğalçı statusunda, əli silahlı erməni əsgərinə ordumuz dəfələrlə xəbərdarlıq edib"

Elman Nəsirov: "Müharibə başlayacağı təqdirdə ermənilərin rüsvayçı məğlubiyyəti mütləqdir"


Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən, döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər iyunun 24-dək davam edəcək.
Maraqlıdır ki, təlimlər ermənillərin cəbhə xəttində təxribatları ilə müşayiət olunur.
Müdafiə Nazirliyindən verilən məlumata görə,
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (8 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Onu da əlavə edək ki, son günlər işğalçı Ermənistanın cəbhə xəttindəki təxribat cəhdləri intensivləşib. Atəşkəs rejimini iriçaplı silahlar və minaatanlardan istifadə etməklə pozmaqda davam edən düşmən müntəzəm olaraq yaşayış mənətəqlərini də hədəf seçib. İstənilən halda erməni təxribatlarının qarşısı qətiyyətlə alınır. Ordumuzun verdiyi 1 şəhidin qanı yerdə qalbayıb və düşmən layiqli cavabını alıb. Buna qarşılıq işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib. Həmçinin erməni hərbiçilərdən bir neçəsi yaralanıb.
Onu da əlavə edək ki, erməni rəsmiləri cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən erməni hərbiçilərin ölümü ilə bağlı cinayət işinin açıldığını bildiriblər. Rəsmilər işğalçı ölkənin hərbiçilərinin milli, irqi və dini ayrıseçkilik, dözümsüzlük, dini fanatizm zəminində öldürüldüklərini iddia ediblər.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu faktın özü erməni həyasızlığının, abırsızlığının daha bir nümunəsi kimi qəbul oluna bilər. Hərbi ekspertin sözlərinə görə, ermənilər o qədər çaşqın və çıxılmaz bir durumdadırlar ki, öz ağılsızlıqları ucbatından itirdikləri əsgər və zabitlərə görə onlara qarşı İrəvanda başlayacaq tələb və təzyiqlərdən bir balaca özlərini sığortalamaq üçün cinayət işi başlıyıblar: "Amma cinayət işini elə bir gülünc və absurd maddə ilə başlıyıblar ki, sadəcə bunun heç bir perspektivi olmadığı artıq indidən bəllidir. Öz işləridir, qoy nəyi bacarırlarsa etsinlər. Ancaq bu gerizəkalılar cinayət işini Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1, 6 və 13-cü bəndlərinin 2-ci hissəsi ilə başlıyıblar".
Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan Cinayət Məcəlləsinin həmin maddələrində iki və daha çox şəxslərin milli, irqi və dini ayrıseçkilik, dözümsüzlük, dini fanatizm zəminində öldürülməsi qeyd edilir: "Cinayət işi də həmin maddələrlə başlayıb. Bunlar əməlli-başlı dəliymişlər və biz bunları indiyə kimi tam tanımamışıq. Sən demə, qoşunların təmas xəttində duran Azərbaycan Silahlı Qüvvələrinin qeyrətli əsgər və zabitləri nədənsə bu dəfə işğalçını məhz onun erməni olmasından əlavə, həm də xristian dininə mənsub olduqlarına, eyni zamanda, onun xaçpərəst olması amilinə görə öldürüblər. Belə yanaşmanın tərəfdarı olan binavalardan nə insanlıq, nə adamlıq gözləmək olar ki? Əslində, bizim üçün təəccüblənəsi bir şey olmamalıdır. Bu həmin alçaq və şərəfsiz erməni xisləti, tərbiyyəsi və yanaşmasıdır ki, bunlar yaxın tariximizdə, Malıbəylidə, Xocalıda, Əsgəranda və digər Azərbaycan yaşayış məntəqələrimizdə azərbaycanlı qızları, gəlinləri, qocaları və cavanları, məsum körpələrimizi məhz onların milli, dini və irqi göstəricilərinə görə amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirmişdilər". Hərbi ekspert bildirib ki, işğalçı statusunda, əli silahlı erməni əsgərinə ordumuz dəfələrlə xəbərdarlıq edib və onlar bu xəbərdarlığa əhəmiyyət verməyiblər: "Sonra isə məhv edilib. Ermənistanın cinayətkar siyasi-hərbi avantürist rəhbərliyi görün hansı maddələr ilə özünü sığortalamaq üçün "cinayət işi" açırlar? Yazıqlar olsun sizin ağlınıza, ay bədbəxt erməni başbilənləri. Tam əminliklə demək olar ki, bu binəvalar özlərini itiriblər, çaşqın durumdadırlar. Və yeganə ümidləri, ola bilsin ki, gələcəkdə bu maddə ilə işin Avropa İnsan Hüquqları Məhkəməsində baxılmaq perspektividir ki, bu da mümkünsüzdür. Beləliklə də, Ermənistanın növbəti absurd və axmaq qərarı ermənilərin öz xalqını aldatmaq və görüntü xatirinə atılan addım kimi başa düşülməlidir".
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Dağlıq Qarabağda yaranan gərginlik ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ilə əlaqədar deyil: "Gərginliyin ənənəvi səbəbləri var. Cari səbəbi isə Ermənistan prezidenti Serj Sarkisyanın prezidentlik müddətinin sona yaxınlaşmasıdır". O qeyd edib ki, 10 aydan sonra Sarkisyan bu postda qalmayacaq: "Ona görə də Sarkisyan belə bir imic yaratmaq istəyir ki, guya o kompromisə getməyən şəxsdir. Hesab edirəm ki, həmsədrlər indiki vəziyyəti adekvat qiymətləndirə bilmir. Həmsədrlər 6 ay öncə hansı metodla işləyirdilərsə, indi də o metodla işləyir. Ermənistanın mövqeyi dəyişsə də, həmsədrlər bunu adekvat qiymətləndirə bilmir. Hazırda əsas problem budur". Politoloq vurğulayıb ki, Sarkisyan çalışır ki, 10 ay müddətində ciddi bir dəyişiklik baş verməsin, buna görə də cəbhədə təxribatlar törətdi: "Artıq erməni tərəfinə də bəllidir ki, Azərbaycan ordusu hər cür təxribatlara cavab verməyə hazırdır. Biz bir şəhid verdik, amma Ermənistan tərəfi 4 itkisinin olduğunu, 2 nəfərin isə ağır yaralı olduğunu etiraf etdi. Sarkisyan çalışır ki, vəziyyəti gərginləşdirsin, amma ordumuz buna imkan verməyəcək. Əsas məsələ ondan ibarətdir ki, həmsədrlər başa düşsün ki, Ermənistanın mövqeyi 1-2 ay əvvəlki mövqeyindən fərqlənir".
Millət vəkili Elman Nəsirov isə Ermənistanın baş verənlərdən nəticə çıxarmalı olduğunu bildirib: "Öncə onu qeyd edim ki, həmsədrlərin regiona səfəri başlayıb. Onlar iyunun 10-da Ermənistana, iyunun 11-də isə işğalçı rejimə səfər etdilər. Bu gün də Azərbaycanda səfərdədirlər. Ermənistan XİN-nin rəhbəri E.Nalbəndyan həyasızcasına belə bir bəyanat verdi ki, həmsədrlər ünvanlı bəyanat səsləndirsinlər. Bu o deməkdir ki, onlar Azərbaycanı ittiham etsinlər. Burada Azərbaycanın"adımı sənə qoyaram, səni yana –yana qoyaram" məsəli yada düşür. Digər bir reallıq isə ondan ibarətdir ki, ermənilər təmas xəttində atəşkəsi intensiv şəkildə pozur. Ordumuz ermənilərin layiqli cavabını verir. Həmsədrlərin regiona gəlişi ona hesablanıb ki, XİN rəhbərləri və prezdentlər səviyəsində görüşlər baş tutsun. Ermənilər atəşkəsi pozmaqla bunu əngəlləməyə çalışır. Lakin ermənilər də görür ki, xaincəsinə hədəf aldıqları bir Azərbaycan əsgəri müqabilində 6-7 erməni əsgəri məhv edilir. Cənab prezdentin dediyi kimi, axı sizin Qarabağda nə işiniz var ki, məhv ediləsiniz də? Rədd olub torpaqlarımızdan çıxın. Bu itkilər ermənilər üçün dərsdir. Baş verənlər müharibə versiyasını aktuallaşdırır. Müharibə başlayacağı təqdirdə ermənilərin rüsvayçı məğlubiyyəti mütləqdir. Aprel döyüşləri bu həqiqəti çoxdan isbatlayıb".

Əli