“21 sentyabr - Beynəlxalq Sülh Günüdür” Hadisə

“21 sentyabr - Beynəlxalq Sülh Günüdür”

FHN-in Bakı Regional Mərkəzində dəyirmi masa keçirilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində "21 sentyabr - Beynəlxalq Sülh Günüdür" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşları, Ombudsman Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev bildirib ki, bu gün dünyanın əksər ölkələrində insanlar dinc həyat yaşamaq istəyirlər: "Bu gün Ukraynada baş verən hadisələri ürəkağrısı ilə seyr edirəm. Təsəvvür edirəm, bu gün oturub gələcəklə bağlı plan cızırıq. Sabah gedirik müharibəyə, hansısa hadisə baş verir..."
Bakı Regional Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar İbrahimov qeyd edib ki, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının qərarı ilə rəsmən elan olunmuş yeganə bayramdır. Hər il sentyabrın 21-də BMT baş katibi tərəfindən sülh zəngi vurulur və dünya ictimaiyyətinə müraciət ünvanlanır.
Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, FHN Bakı Regional Mərkəzinin əməkdaşları çıxış edərək sülhün təmin olunması mövzularında danışıblar.
Məruzələrdən sonra sülh mövzusuna həsr olunmuş videomaterialların təqdimatı olub.