Silahlı Qüvvələrdə cinayətlərin sayı azalıb - Hərbi Prokurorluq Hadisə

Silahlı Qüvvələrdə cinayətlərin sayı azalıb - Hərbi Prokurorluq

Silahlı Qüvvələrdə 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 33,5%, az ağır cinayətlər 37,6%, ağır cinayətlər isə 39,9% azalıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, 2020-ci ildə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin-qəsdən adam öldürmə cinayətlərinin, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətlərinin, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin və digər cinayətlərin dinamikasında 2019-cu illə müqayisədə azalma müşahidə olunub: "2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri-hərbi cinayətlər isə 18,6% azalıb. Hərbi prokurorluqlarda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı, cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq təşkilatın və ya vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməlində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş bütün şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib"