Tarzən Arslan Növrəsli ABŞ və Türkiyədə silsilə konsertlərlə çıxış edəcək Mədəniyyət

Tarzən Arslan Növrəsli ABŞ və Türkiyədə silsilə konsertlərlə çıxış edəcək

Azərbaycan musiqisinin təbliği yolunda yorulmadan çalışan, dünya səhnələrini fəth etmiş tarzən Arslan Növrəsli 2022 –ci ilin noyabr–dekabr aylarında ABŞ və Türkiyədə silsilə konsertlərlə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Amerikanın Washington”, “Oklahoma və New- York” kimi mərkəzlərində, Türkiyənin İstanbul və Ankara şəhərlərində ifası gözlənilən tarzən Azərbaycan və xarici bəstəkarların əsərlərini, caz və milli janrlı kompozisiyaları öz repertuarına daxil edib.

Azərbaycan və ABŞ munasibətlərinin 30 illiyi, bu dövlətlər arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin yaradıcılıq bağları ilə də əlaqələnməsi, Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin ölkə başçısının Sərəncamı ilə qeyd olunması, CSO ADA Ankara konsert salonundan Arslan Növrəsli adına xüsusi dəvətlə keçiriləcək tədbirlər planı bu yaradıcı səyahətin əsas dayaq nöqtələridir. Bununla yanaşı, ifaçının çıxış edəcəyi hər şəhərdə ustad dərslərinin də keçirilməsi nəzərdə tutulub.

Arslan Növrəslinin musiqiçi dostları sırasında Azərbaycanın dəyərli və professional ifaçıları ilə yanaşı, Amerika musiqiçilərinin olacağı da maraqlı məqamlardandır. Əməkdar artist, pianoçu Nərgiz Əliyeva, kamança ifaçısı Elnur Mikayılov Azərbaycan folkloru və bəstəkar yaradıcılığının təbliğinə köklənmiş konsertdə, pianoçu Nicat Aslanov, Əməkdar artist, bass ifaçısı Ruslan Hüseynov və zərb alətləri ifaçısı Elvin Bəşirov “jazz band” tərkibi ilə tarzəni müşayiət edəcəklər.

Arslan Növrəslinin solo layihələrində diqqət çəkən vacib məqamlarından biri də tək Azərbaycan musiqisininin ifası deyil, həm də sözlə təbliğ etməsidir. Belə ki, artıq dünyanın bir sıra konsert salonlarında “Azərbaycan musiqisinin sözdə və musiqidə təbliği” şüarı budəfəki konsertlər silsiləsinin də əsas məqamlarındandır.

Konsertlərin giriş sözü sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsliyə məxsusdur. O, həmçinin, Ankarada keçiriləcək milli musiqimizin təbliğinə, Azərbaycanda tar aləti ifaçılığının təkamülü və tarzən Arslan Növrəslinin ifaçılıq prinsiplərinin müzakirəsinə həsr olunacaq “dəyirmi masanın” da təşkilatçısı və çıxışçısıdır.