bp "Şahdəniz" xaricində potensial yeni qaz mənbələrini nəzərdən keçirir İqtisadiyyat

bp "Şahdəniz" xaricində potensial yeni qaz mənbələrini nəzərdən keçirir

bp şirkəti Azərbaycanda "Şahdəniz" xaricində potensial yeni qaz mənbələrini nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə bp-nin qaz və aşağı karbonlu enerjinin inkişafı üzrə vitse-prezidenti Katerina Papaleksandri (Xəzər qazının işlənməsi şöbəsi) Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının 10-cu nazirlər iclasında deyib.

"Biz operator olaraq qürurla deyə bilərik ki, "Şahdəniz"də təhlükəsiz və səmərəli qaz hasilatı davam edir. Ötən il bu nəhəng yataqda istehsal 26 milyard kubmetr qazı ötərək stabil göstəricilərə çatıb. Bu gün "Şahdəniz" obyektlərində gündəlik 79 milyon standart kubmetr qaz hasil etmək mümkündür. Cəmi 2 həftə bundan əvvəl "Şahdəniz"də qalan beşinci cinahı - şimal-şərq cinahını işə saldıq. İl ərzində bu cinahda daha iki quyun aktivləşdirmək planları var", - o deyib.

Papaleksandri qeyd edib ki, bp "Şahdəniz" yatağında hasilatı artırmaqla yanaşı, həm də aşağı qatlarda böyük həcmdə qaz axtarır.

"Bunun üçün biz Xəzərdə dərinliyi dəniz dibindən təqribən 7 min metr aşağıda olan ən dərin kəşfiyyat quyularından birini - SDX-8 quyusunu qazdıq. Hazırda biz bu təbəqələrin daha nə qədər qaz saxlaya biləcəyini öyrənmək üçün məlumatları təhlil edirik. Həmçinin "Şahdəniz" xaricində potensial yeni qaz mənbələrini axtarırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, "Şahdəniz"in səhmdarları bunlardır: bp (operator – 29,99%), SGC (21,02%), LUKOIL (19,99%), TPAO (19,00%) və NICO (10,00%).