“Üçlü format Ermənistanı ağıllandırır” Siyasət

“Üçlü format Ermənistanı ağıllandırır”

Mübariz Əhmədoğlu: "Artıq erməni ekspertlər də başa düşür ki, onlar İran və Rusiyanı Azərbaycana uduzublar"

Azərbaycan, Rusiya və İran prezidentlərinin yaratdığı 3 tərəfli format geostrategiyadır. Azərbaycan prezidentinin irəli sürdüyü bu format 19-cu əsrin tarixi konfliktlərini 21-ci əsrdə əridən ideyadır. Bunu politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, İranın vitse-prezidenti Əli Yunisi də qeyd etdi ki, Rusiya və İran prezidentlərinin görüşündə tarixi konteks var.
Politoloq vurğulayıb ki, bu format nəticəsində region bütövlükdə əməkdaşlıq zonasına çevrilib: "Bizə lazımdır ki, Rusiya və İranla münasibətlərdə iqtisadiyyatımız irəliləsin. Bu format Qərbin region üzrə planını pozan bir təşəbbüsdür".
M. Əhmədoğlu vurğulayıb ki, Gürcüstanın ən böyük investoru Azərbaycandır: "ABŞ-ın planı odur ki, Ermənistanı da biz dolandıraq. Ermənilər isə təşəbbüs irəli sürərək ABŞ-da Bakı-Tbilisi-Ceyhanla bağlı iki dəfə dinləmə keçirib". Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanın reallaşdırdığı layihələrdən kənarda qalıb və bundan sonra da elə olacaq.
Politoloq hesab edir ki, üçlü format Ermənistanı ağıllandırır. Artıq erməni ekspertlər də başa düşür ki, onlar İran və Rusiyanı Azərbaycana uduzublar: "Ermənilər anlayır ki, İran ermənipərəstlikdən azərbaycanpərəstliyə doğru yol keçib. Qərbin planı o idi ki, Rusiya və İran arasında qarşıdurma yaratmaqla Mərkəzi Asiya və Qafqaz regionunu nəzarətdə saxlamasınlar".
M. Əhmədoğlu qeyd edib ki, İranla P6 arasında gedən nüvə danışıqlarında ABŞ dövlət katibi Con Kerri ilə İranın XİN rəhbəri Cavad Zərif arasında xüsusi danışıqlar vardı: "Bu danışıqların alt-qatında o var idi ki, İran Rusiyaya qarşı çıxmalı idi. İran və Rusiya qarşı qarşıya gələcəksə Azərbaycan ayaq altda qala bilər. Bizə isə Azərbaycan lazımdır. Ona görə də yaradılan üçtərəfli formatda ilk öncə sabitlik, sonra isə iqtisadi mahiyyəti gəlir".
Politoloq həmçinin İranda bir qrupun Azərbaycana qarşı çıxmasından da danışıb: "Əgər İran Şimalla bağlı normal siyasət apara bilməyəcəksə, bu İranın ziyanına olacaq. İranda bir qrup var ki, həm İran prezidenti, həm də Azərbaycana qarşıdır. Bu qrup tapşırıq alıb ki, Azərbaycana zərər versin. Bu dini, həm da başqa məsələlərdə nəzərdə tutulub". M. Əhmədoğlu vurğulayıb ki, Azərbaycanda Konstitusiya islahatlarının mahiyyətini ən yaxşı başa düşən İrandır.
Politoloq sonda qeyd edib: "İran hakimiyyətindən xahiş edirəm ki, həmin qrupu neytrallaşdırsın. Onlar ermənilərə işləyir. Azərbaycan İranla beynəlxalq hüquq normaları çərçivəsində yaşamağa hazırdır. Biz Azərbaycan prezidenti başda olmaqla İrana dost əli uzatmışıq, əlimizi tam tutsunlar".
Mübariz Əhmədoğlu əlavə edib ki, Rusiya vətəndaşının ABŞ-ın göstərişi ilə Yerevanda həbs edilməsi Ermənistanın sanki belini qırdı: "Bu, Azərbaycan ordusunun əlinə kart blanş verdi". O qeyd edib ki, diplomatlar sentyabrın sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilib-edilməyəcəyi ilə bağlı danışıqlar aparır. Politoloq xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik təklif etmişdi ki, ABŞ prezidenti Barak Obamanın iştirakı ilə prezidentlər görüşsün: "Artıq Rusiya Ermənistandan üz çevirib. ABŞ Rusiyaya təklif etmişdi ki, Rusiya Suriya məsələsində ABŞ-ın mövqeyini qəbul edərsə, Qarabağ münaqişəsinin həllində liderlik Rusiyaya veriləcək. Lakin bu sövdələşmə də alınmadı".
Politoloq hesab edir ki, Qarabağda baş verən aprel hadisələri yenidən təkrarlanarsa, Azərbaycan ordusunun qarşısını heç kim ala bilməz.