Parisin canfəşanlığı nə verəcək? Siyasət

Parisin canfəşanlığı nə verəcək?

Prezidentlərin növbəti görüşündən gözləntilər

Cavid

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində son vaxtlar ciddi aktivlik müşahidə olunur. Əslində hər şey iyul ayının sonu - avqust ayının əvvəllərində Azərbaycan -Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərlə başladı.
Üçgünlük döyüşlərdən dərhal sonra xəbər yayıldı ki, Azərbaycan və Ermənistan prezidentləri avqustun 10-da Rusiya prezidentinin iştirakı ilə görüş keçiriləcək. Bu, ilk baxışdan Rusiyanın bir sülhsevər olduğunu göstərə bilərdi, amma digər tərəfdən Moskva çoxsaylı insan ölümü ilə nəticələnən döyüşlərə görə şübhələri üzərinə çəkdi. Xarici analitiklərin əksəriyyəti cəbhədəki təxribatların arxasında məhz Moskva dayandığını bildirdilər.
Təbii ki, Putinin Soçidən Qərbə barmaq silkələməsi münaqişənin həllində vasitəçi qurum olan ATƏT-in Misnk qrupunun həmsədri ABŞ-ı narahat etməyə bilməzdi. Soçi görüşünün cavabını vermək üçün ən yaxşı məkan isə 4-5 sentyabr tarixlərində NATO sammitinin keçirildiyi Uelsin paytaxtı Kardiff idi. Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirildi.
Soçi görüşü Azərbaycan və Ermənistan, eləcə də digər xarici analitiklərdə belə bir təəssürat oyatmışdı ki, Moskva Qarabağ prpblemini özününküləşdirmək, monopoliyaya almaq istəyir. NATO sammiti çərçivəsində ABŞ dövlət katibinin iştirakı ilə Uelsdə keçirilən görüş də kiçik görünsə də Vaşintonun Moskvanın monopolist cəhdləri ilə razılaşmayacağı mesajı idi. Kardiffdəki görüş hər halda Soçidəki görüş qədər əzəmətli görünməsə də, ABŞ "mən də varam" deyirdi. Ermənistan tərəfi isə bundan narahat idi.
Avropa siyasəti üzrə Mərkəzin eksperti, məşhur politoloq Amanda Polun verdiyi müsahibədə Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlər də ermənilərin narahatlığının əsassız olmadığını göstərir.
Amanda Pol mövcud formatın Rusiyaya sərf etdiyini düşünür. Politoloq qeyd edir ki, münaqişənin nizamlanması prosesinə yeni vasitəçilər cəlb olunmalıdır: "Rusiya qrupunun üzvüdür, lakin danışıqları ikitərəfli aparır. Minsk qrupunu formatı artıq köhnəlib, onu yeniləmək lazımdır. Proses genişlənməlidir, nizamlanma prosesinə Türkiyə və İranı cəlb etmək olar. Həmçinin Avropa Birliyinin rolu aktiv olmalıdır. ABŞ da öz rolunu yüksəltməli və Moskvaya qarşı olmaqla daha ciddi siyasi oyunçuları prosesə daxil etməlidir".
ABŞ-dan sonra rəsmi Paris də prezidentlərin görüşünün təşkili ilə bağlı təşəbbüsdə oldu. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə Fransa prezidenti Fransua Ollanddan təklif gələndə, nə Soçi, nə də Uels görüşü gündəmdə yox idi. Fransa prezidenti sözügedən təklifi may ayının 12-də Cənubi Qafqaz turnesində vermişdi. Bu günlərə qədər də onun bu təklifi göydə qalmışdı. Bir müddət öncə də ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andrie (Fransa) Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşərək prezidentlərin Parisdə oktyabrın sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Görüşdə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırırlar.
Həmsədrlər münaqişənin nizamlanması yolunda irəliləyişə nail olmaq üçün dövlət başçılarının məhsuldar diskussiya aparacaqlarına ümidvar olduqlarını ifadə ediblər. Pyer Andrie keçiriləcək görüşdə gündəliyə salınacaq məsələlər barədə iştirakçıları qısaca məlumatlandırıb.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri prezidentlərin Soçi və Kardfiff görüşlərini, o cümlədən planlaşdırılan Paris görüşünü şərh edib.
Natiq Miri xatırladıb ki, prezidentlərin Soçi görüşü ərəfəsində cəbhə xəttində hərbi faza aktiv idi: "Lokal döyüşlərin böyük bir savaşa çevrilməməsi üçün Rusiya hərəkətə keçdi. Əslində bir çoxlarının fikirlərinə görə, hərbi təxribatların da mənbəyi Rusiya idi. Dərhal Soçi görüşünün təşkil olunması və ondan sonra atəşkəsin təmin olunması da göstərdi ki, bu Rusiyanın geosiyasi maraqlarına xidmət edən bir görüş idi".
Onun sözlərinə görə, prezidentlərin ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə NATO sammiti çərçivəsində keçirilən görüş tamamilə fərqli bir rakursda idi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və düşünür ki, münaqişənin həllinin tapılmaması gələcək üçün təhlükələr vəd edir. Bu təhlükələrin qalması isə Rusiyanın Cənubi Qafqazda mövqeyini möhkəmləndirir. Çünki Krım hadisəsi göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi istənilən vaxt qanlı bir savaşa çevrilə və Rusiya böyük bir ərazini ilhaq edə bilər. Məhz bu təhlükənin qarşısını almaq üçün ABŞ hərəkətə keçdi və göstərdi ki, münaqişəni Rusiyanın monopoliyasından çıxarmaq niyyətindədir. Uelsdə keçirilən görüş də məhz bu niyyətin göstəricisi idi".
Natiq Miri qeyd edib ki, bunun ardında Fransa prezidentinin Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün keçirilməsi ilə bağlı niyyəti də məhz Rusiyanın bu monopoliyasına qarşı yönəlib: "Amma bu məqsədi çatmaq üçün təkcə Azərbaycan kifayət etmir, Ermənistanın da müəyyən mənada razılığını almaq lazımdır. Azərbaycanın müstəqil siyasətindən fərqli olaraq Ermənistan müstəqil siyasi iradəyə sahib ölkə deyil. On görə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə yanaşı digər bir proses işə salınacaq. Söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açılmasından gedir. Bu proseslər paralel gedəcək ki, Ermənistanın tədricən Rusiyanın təsirindən çıxarmaq mümkün olsun. Bu baş tutarsa, Dağlıq Qarabağ münaqişəsini də Rusiyanın monopoliyasından çıxarmaq mümkün olacaq".
ABŞ, Rusiya və Fransanın prosesi təktərəfli irəliyə aparmaq istəyi fonunda vasitəçi qurumu olan ATƏT-in Minsk qrupunun taleyinə gəlincə, politoloq bu formatın Azərbaycanın mənafeyinə uyğun olmadığını söyləyib: "Dünyada nizam və bir sıra məsələlərə baxış dəyişib. Hətta NATO-nun Uels sammitində qəbul olunan bəyannamənin münaqişələrlə bağlı hissəsində yalnız bir - dövlətlərin ərazi bütövlüyü prinsipindən söhbət gedirdi. Millətlərin öz müqəddəratını təyinetmə prinsipi təxirə düşdü. Rusiyanı narahat edən amil də məhz budur. ATƏT-in Minsk qrupunun söykəndiyi prinsiplər isə bir-birinin əksi olan prinsiplərdir. Onlardan biri ərazi bütövlüyü, digəri isə öz müqəddəratını təyinetmə prinsipidir. Bu prinsipləri iyirmi il ərzində razılaşdırmaq mümkün olmayıb. Bundan sonrakı iyirmi il ərzində də mümkün olmayacaq. Ona görə də münaqişənin həllində prinsiplər dəyişdirilməlidir".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan görüşdən danışıb. Uorlik bildirib ki, hər iki prezident münaqişənin sülh yolu ilə nizamlanmasını və öz xalqları üçün ən yaxşı olanı etmək istəyir: "Mən həmişə demişəm ki, tərəflər arasında sülh Ermənistanın çiçəklənməsi ilə nəticələnəcək".
Amerikalı həmsədr həmçinin Parisdə keçiriləcək prezidentlərin görüşü barədə proqnozlar vermək istəmədiyini bildirib: "Ən vacib problemlərdən biri - tərəflər arasında olan etibarsızlıqdır. Liderlər görüşməli və bu problemlərin aradan qaldırılması üçün əllərindən gələni etməlidir".
Nüfuzlu britaniyalı ekspert, ABŞ-ın Karnegi Fondunun proqram direktoru Tomas de Vall isə bildirib ki, NATO-nun Uels sammitində ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüş məzmununa görə faktiki olaraq Putinin təşəbbüsü ilə keçirilən Soçi görüşünün təkrarı idi.
"Elə oradaca Fransa prezidenti Fransua Olland Əliyevlə Sərkisyanln Paris görüşünün anons etdi. Belə təsəvvür yaranır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri indi bir-biri ilə əlaqəli yox, ayrıca fəaliyyət göstərirlər" - deyə Tomas de Vall bildirib.
"Mən hesab etmirəm ki, onlar koordinasiyasız hərəkət edirlər. Yeganə istisna odur ki, prezidentlərin Soçidəki və Uelsdəki görüşləri digər ölkələrdən olan həmsədrlərin iştirakı olmadan keçirildi. Fikrimcə, prezidentlərin Paris görüşü artıq hər üç həmsədrin iştirakı ilə keçiriləcək" - deyə ekspert əlavə edib.
Tomas de Vall bildirib ki, Ukrayna böhranına baxmayaraq ABŞ, Fransa və Rusiya hələ də Qarabağ məsələsi üzərində birgə işləməyə hazırdır. Onun dediyinə görə, Ukrayna hadisələri Qarabağ münaqişəsinin nizamlanması prosesinə də mənfi təsir göstərdi: "Azərbaycanlılar bu fikirlərində möhkəmləndilər ki, Ermənistanla Rusiyanın sıx ittifaqı Dağlıq Qarabağ ətrafında onlar üçün əlverişli olmayan status-kvonu təmin edir. Ona görə də Ukrayna hadisələrinin ümumi fonu və əks-sədası həmsədrlərin də işinə mənfi təsir edir".
Tomas de Vall Ermənistan və Azərbaycanda demokratiya problemlərinin münaqişənin nizamlanmasına təsiri haqda çox maraqlı fikirlər səsləndirib.
Tomas de Vall qondarma "DQR"in danışıqlar prosesində iştirakı haqda erməni tərəfinin hər fürsətdə irəli sürdüyü tezis haqda da danışıb. O deyib ki, Dağlıq Qarabağın hansısa məqamda danışıqlar prosesinin iştirakçısı olması qaçılmazdır.
"Bəzi məsələlərin həllində onların iştirakı sadəcə olaraq zəruridir. Əlavə edirəm ki, bəzi məsələlərdə, məsələn, Şuşanın məsələsində, bu məsələdə Qarabağ azərbaycanlılarının da iştirakı zəruridir. Ancaq təəssüf ki, biz hələ bu səviyyəyə gəlib çıxmamışıq. Ona görə də mən hesab etmirəm ki, Bako Saakyanın danışıqlarda iştirakı,- ən azı indiki mərhələdə,- hansısa yeni və faydalı təşəbbüslərin meydana çıxmasına kömək edəcək. Bununla belə əminəm ki, hansısa mərhələdə Dağlıq Qarabağın hər iki icmasının münaqişənin həllində iştirakı qaçılmaz olacaq" - deyə Tomas de Vall bildirib.