Qazaxıstanlı politoloq: “Ermənistanın toqquşmaları Dağlıq Qarabağdan kənarda törətməsi hiylə kimi görünür” Siyasət

Qazaxıstanlı politoloq: “Ermənistanın toqquşmaları Dağlıq Qarabağdan kənarda törətməsi hiylə kimi görünür”

“Son həftələr hər kəsin başının çarəsinə baxmaqla, öz problemləri ilə məşğul olması bir həqiqətdir. Ölkəmizdə karantin var və tibb sektoru çətin vəziyyətdədir. Lakin bu vəziyyət heç vaxt Türk Dünyasında baş verən hadisələrə diqqətsiz qalmağımıza mane ola bilməz.

Ötən həftə sonundan bəri Türk Dünyasında baş verən hadisələr arasında qardaş Azərbaycandakı vəziyyət bizi çox narahat etdi və diqqətimizi orada cəmləşdirdi. Söhbət Ermənistanla münaqişədən gedir”.

APA-nın məlumatına görə, bunu Qazaxıstanda nəşr olunan “Aytın” qəzeti baş redaktorunun müavini, politoloq Amangeldi Kurmetulı deyib.

O bildirib ki, artıq iki ölkə genişmiqyaslı müharibə ərəfəsindədir: “Son münaqişə ermənilərin sərhəddə nəzarəti həyata keçirən Azərbaycan əsgərlərinin idarə etdiyi nəqliyyat vasitəsinə atəş açmasından sonra yaranıb. Hadisə iyulun 12-də baş verib. Bundan sonra iki tərəfin də artilleriya qurğularından istifadə etdiyi bildirilir. Top atışları qısa fasilələrlə hələ də davam edir. Türkiyə bu məsələdə Azərbaycana dəstəklədiyini açıqladı”.

Politoloq qeyd edib ki, KİV-də Azərbaycan və Ermənistan arasında baş verən toqquşmalar barədə tez-tez yazılır: “Ancaq bu dəfə təxribatın üzü və astarı fərqlidir. Çünki bu münaqişə Azərbaycanın Tovuz rayonunda baş verib. Ermənistan rayonu top atəşinə tutub. Yeri gəlmişkən, sözügedən ərazi Dağlıq Qarabağ bölgəsində aid deyil, Azərbaycanın şimal-qərbində yerləşir - bizə yaxşı tanış olan Qazax şəhərinə yaxın.

Bura gürcü çarı Davidin qoşunlarının əsas qüvvəsini təşkil edən, son minilliyin əvvəllərində məskunlaşmış Qıpçaq bahadırlarının, Oğuz-Qıpçaq igidlərinin Qafqazda at oynatmasına şahidlik etmiş bölgədir.

Ermənilər məhz bu ərazidə - Tovuz rayonuna yaxın sərhəddə təxribata əl atdılar və Azərbaycanın iki yüksək rütbəli zabitini şəhid etdilər. Qardaşlarımız da öz növbəsində cavab atəşi açdılar. Ölənlərin sayı barədə fərqli məlumatlar var. Digər tərəfdən, Rusiya mətbuatı Rusiyanı vasitəçi olmağa layiq ölkə kimi göstərməyə çalışır. Ancaq reallıqda əsas hədəfin fərqli olduğu hər kəsə məlumdur”.

O, medianın yaydığı bəzi məlumatlardan müəyyən qənaətlərə gəldiyini də qeyd edib: “Belə başa düşürəm ki, bundan sonra toqquşmalarda pilotsuz uçuş aparatlarından daha geniş istifadə ediləcək. Dronlar müharibə silahları kimi psixoloji çəkisi olan vasitəyə çevrilir. Bu, Türklərin Suriya və Liviyada 2020-ci ilin fevral-mart, aprel aylarında sərgilədiyi "müharibə ixtirası"nı xatırladır. Əlbəttə, bu, Azərbaycan ordusu üçün böyük təcrübədir. Real qarşıdurmalarda pilotsuz uçuş aparatlarından istifadə edirlər”.

A. Kurmetulı baş verənlərin siyasi tərəflərinə də diqqət çəkib: “Baş verənlərin digər tərəfi İrəvanın Dağlıq Qarabağdan kənar yerdə təxribat törətməsidir. Güman ki, Ermənistan bununla Qazaxıstanı zəif yerindən vurmaq istəyir. Yəni, Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə "müttəfiq olaraq bizi dəstəkləməyiniz gərəkir" demək istəyir. Toqquşmaların məhz Tovuz rayonunda baş verməsi hiylə kimi görünür. Türk ölkələri arasında fitnə salmaq istəyirlər. Ancaq düşünürəm ki, Qazaxıstan rəhbərliyi belə bir tələnin fərqindədir.

Məncə, bütün dünyanın başı epidemiya ilə mübarizəyə qarışmışkən, Azərbaycan Ordusu rəqibinin dərsini verməsi çox yaxşı olardı. İndi Azərbaycanın hərbi gücü və texniki imkanları Ermənistanla müqayisədə çox üstündür. Üstəlik, Ermənistan bu dəfə “Qarabağdakı ermənilər bizi dinləməzlər” bəhanəsini də ortaya ata bilməz. Çünki münaqişəni başlayan özləridir. Deməli, daha güclü şəkildə qisas alına bilər”.

Politoloq sonda Tovuzda baş verən qarşıdurmada şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyib: “Onlar silahlı qarşıdurmada intiqam alaraq şəhid olublar”.