DİN yanında İctimai Şuraya bu gün keçirilən seçkilərlə bağlı ilk müsahibə Siyasət

DİN yanında İctimai Şuraya bu gün keçirilən seçkilərlə bağlı ilk müsahibə

Sevda Məmmədli: “Seçkilərin keçirilməsi üçün ideal şərait yaradılmışdı"

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Bu seçkilərlə bağlı AzNews.az analitik-informasiya portalının suallarını Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin sədr müavini Sevda Məmmədli cavablandırır:

- Sevda xanım, öncə İctimai Şuraların əhəmiyyətindən danışaq. Bəzən iddia edirlər ki, bu şuraların heç bir effekti yoxdur. Bəs, Sizcə, Şuraların fəaliyyəti dövlət qurumlarının inkişafına necə təsir edəcək?

- Dünyada ictimai şuraların fəaliyyəti ilə bağlı təcrübə mövcuddur. Dünya təcrübəsinə əsasən deyə bilərik ki, ictimai şuralar dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlıq formatıdır. Dövlət qurumlarının fəaliyyətinin şəffaf və açıq olması üçün bu əməkdaşlıq önəmlidir. Yaxşı haldır ki, Azərbaycanda bununla bağlı qanun qüvvəyə mindikdən sonra bu məsələyə ciddi münasibət göstərilir, ictimai şuralarla bağlı proses formalaşdırılır. Artıq əksər dövlət qurumlarının tərkibində ictimai şuralar yaradılıb. Dövlət qurumları bu sahədə təcrübəsi olan ictimaiyyət nümayəndələrinin işinə daha çox üstünlük verirlər. İctimai şuraların fəaliyyəti həm ictimai qurumların inkişafına, həm də dövlət qurumlarında işlərin şəffaf olmasına xidmət edir.Hər bir halda ictimai birliklərin fəailliyətindən həm ictimai qurumlar, həm də dövlətimiz faydalanacaq. Görülən bütün işlər xalqımızın inkişafına və gözəl yaşamasına xidmət etməlidir.

- Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi. Siz də namizədlər siyahısında idiniz. Niyə bu seçkidə iştirak etmək qərarına gəlmişdiniz?

- Mən bir neçə ildir ki, “İnsan Alverinə Qarşı Mübarizə” koalisiyasının üzvüyəm. Bu sahədə böyük təcrübəm var və bu təcrübəni bölüşmək, eyni zamanda artırmaq üçün müvafiq İctimai Şuraya öz namizədliyimi irəli sürmək qərarına gəldim.

- Seçkilərdə şəffaflıq necə təmin olunurdu?

- Bugünkü seçkilərdə bizim təşkilatımızın nümayəndəsi və dostlarımız iştirak edir. Onların verdiyi məlumata görə, seçkilər şəffaf, açıq havada heç bir məhdudiyyət olmadan keçirilib. Seçkilərin keçirilməsi üçün ideal bir şərait yaradılıb. İnanıram ki, daha çox təcrübəsi olan namizədlər qələbə qazanacaq.

- Səsvermə üçün 40 namizəd, 240-dan çox seçici qeydiyyatdan keçib. Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya çox sayda müraciət olunmasının səbəbini nədə görürsünüz?

- Mənə elə gəlir ki, DİN-nin gördüyü işlər insanları daha çox maraqlandırır. Burada həm qadın zorakılığı, həm insan alverinə qarşı mübarizə məsələləri, həm də narkomaniyaya qarşı fəaliyyət var. Eyni zamanda ictimai asayişin qorunması məsələləri vardır ki, bu ümumən bütün cəmiyyəti düşündürür. Bu seçkidə ictimai birliklərin böyük əksəriyyətinin iştirakı məhz bu amillərə maraqdan irəli gəlir.

- Sizcə, ictimai şuralar DİN-in gələcək fəaliyyətinə necə təsir edəcək ?

- Qeyd etdiyim kimi, bu, təkcə İctimai Şuraların inkişafına təkan olmayacaq. İctimai Şuraların missiyası əsasən vətəndaş cəmiyyətinin inkişafına təkan olmaqdır. Bu inkişafdan dövlət qurumları da öz fəaliyyətində yararlanacaq. İctimai şuralar dövlət və xalq arasında körpü rolunu oynayır. Dövlət qurumlarında ədalət və şəffaflıq prinsipinin daha da üstün tutulmasına səbəb olur.

- İctimai şuraların fəaliyyəti üçün hansı gözləntiləriniz var?

- Çox istəyərdim ki, bu sahədə qanunvericilik daha da təkminləşdirilsin. Gözləntilərimdən biri odur ki, dövlət qurumları , ictimaiyyət və qeyri-hökümət təşkilatları arasında əlaqə yaranacaqdır ki, bu əlaqə ədalətli qərarların qəbul olunmasına xidmət göstərəcək. Buna görə də bütün ictima şuralara fəaliyyətlərində uğurlar arzu edirəm.