“ Azərbaycan strateji tərəfdaşlıq ruhunda...” Siyasət

“ Azərbaycan strateji tərəfdaşlıq ruhunda...”

Elmar Məmmədyarov:" Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır"

"Təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb".
Xarici İşlәr Nazirliyindәn verilәn mәlumata görә, bu barədə xarici işlәr naziri Elmar Mәmmәdyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib: "Cənub Qaz Dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatın qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Vilnüs Sammiti zamanı və ondan sonra Mobillik üzrə tərəfdaşlıq, viza sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanması ümumi məqsədlərimizin praktik icrası üçün zəruri əsas yaradıb. Azərbaycan Aİ tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirir".
Elmar Mәmmәdyarov qeyd edib ki, Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır: "Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır. Azərbaycan hər iki tərəfin əvvəlki prinsiplərin tələblərini yerinə yetirə bildikləri halda çevikliyin asanlıqla icra edilə biləcəyinə inanır. AQS tarixi göstərib ki, Aİ siyasətinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq "bir ölçü hamıya uyğundur" siyasəti, fərdi ehtiyacların səhv hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır. Bütün bunları nəzərə alaraq, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır".
Nazir Azərbaycanın iyun ayında Avropa tarixində əsas idman hadisələrindən biri olan və qitə üçün çox maraqlı və idmanın çox növünü əhatə edən innovativ tədbirə, ilk Avropa oyunlarına ev sahibliyi edәcәyini də qeyd edib.